Yeni ildə ümidini lotereyaya bağlayanlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Varlanmağın ən əziyyətsiz yolu, yoxsa ilğım?..

Yeni ildən hər kəs özünə və yaxın ətrafına fərəhli yenilik, sevinc dolu günlər diləyir. Diləklər arasında özünə zənginlik, çoxlu pul və var-dövlət arzulayanlar da var. Bəziləri 2018-ci ildə daha çox pul qazanma yollarını axtarıb, beynində yeni ideyalar yaradır, bəziləri isə bu var-dövlətə, pula bir anda – məhz yeni il gecəsi sahib olmaq istəyir.

Buna görə də “bəlkə şans bu dəfə mənə güldü” ümidi ilə 31 dekabrda oynanılacaq uduşlu lotereya biletləri alırlar və bununla da həyatlarının bir gecədə dəyişəcəyini inanırlar. Dünya təcrübəsində lotereyada qazandığı pullar vasitəsi ilə yeni ilə zəngin addımlarla irəliləyənlər kifayət qədər olub. Məsələn, bir neçə il öncə Moskvada əslən Belarusdan olan bir bomj lotereyada 700 min rubl udub. Küçələrdə gecələyən, səfil həyat tərzi sürən 62 yaşlı kişi bu pula vətənində özünə ev tikmək fikrindədir. Sən demə, Yuri adlı bomj axırıncı puluna lotereya alıb və bu bilet onun həyatını dəyişib. Vaxtilə Belarusda idman məktəbində məşqçi işləmiş Yuri sonradan yol qəzasında ailəsini itirib. Daha sonra onun evi də əlindən çıxıb. Pul qazanmaq üçün Moskvaya üz tutan Yuri burada yük daşıyıb, müxtəlif sahələrdə fəhləlik edib.

Şimali Karolina sakini, 47 yaşlı Glenda Blakvelldən həyat yoldaşı Baddi mağazadan lotereya almağı xahiş edib. Lotereyanın səmərəsiz olduğunu sübut etməyə çalışan qadın ərinin xahiş etdiyi “Powerball” bileti əvəzinə elə həmin gecə oynanan ani bilet alıb. Lakin bu bilet Glendaya 1 milyon dollar qazandırıb. Bütün vergi tutmalarından sonra qadına 415,5 min dollar ödənilib.

Azərbaycanda lotereya ilə zəngin olacağına inananlar çox deyil. Amma elə insanlar da var ki, illərlə heç nə qazanmasalar belə lotereya bileti almaqdan vaz keçmir, bəlkə şans bir gün onun da üzünə gülər deyə. Məhz buna görədir ki, metro çıxışlarında lotereya bileti satanların sayı da artıb. Bu gün Yeni il günü oynanılası lotereya biletləri arasında “Qoşa şans”, “Yeni İl Sevincləri”, “Bingo”, “Qış möcüzəsi” və sairə adda lotereya biletləri satılır. Satıcılar “Yeni ilə zəngin girmək istəyən lotereya alsın, 100 faiz uduşlu” deyə müştəri səsləyirdilər.

“28 May” metrosu yaxınlığında lotereya bileti satan Murad Əliyev lotereya bileti alanların çox olduğunu dedi: “Adi günlərdə az olsa da, Yeni il lotereyaları alanlar çoxdur. Bir adam gəlir 5-10 bilet alır. Ötən il bir nəfər məndən aldığı Yeni il lotereya bileti ilə 1000 manat pul qazanmışdı. Pul udanlardan gətirib mənə də şirinlik verənlər olur. Şirinlik deyəndə 50 manat verən də olur, bir kilo konfet gətirən də. Eləsi də olur ki, heç nə vermir, amma yenə də gəlib məndən bilet alırlar ki, sənin əlin düşərli olub”.

Bu vaxt yeni il gecəsi oynanılacaq lotereyalardan birini alan Nigar Qurbanova 31 dekabr gününü həyəcanla gözlədiyini dedi: “6 lotereya bileti aldım. Ümidliyəm ki, heç olmasa birinə nəsə düşər. Əgər pul uduşuna sahib olsam, birinci ev alacam. Hazırda kirayədə qalırıq. Mən tez-tez lotereya alıram. Amma elə də böyük qazancım olmayıb. Bir dəfə 10 manat qazanmışam”.

Uduşlu lotereya biletlərinin qiymətinə gəlincə isə 1-2 manat arasında dəyişirdi.

Qeyd edək ki, statistik məlumatlara görə, hər il dünyada ortalama 150-160 milyard dollar məbləğində lotereya satılır. ABŞ-da lotereyanın illik dövriyyəsi 30 milyard, Almaniyada 6 milyard, Yaponiyada isə 8 milyard təşkil edir. Yalnız dövlət lotereyası olan İtaliya və İspaniyada isə 6,5 milyard illik dövriyyə mövcuddur. Özünə inam qazanmış lotereyalardan biri Böyük Britaniyanın milli lotereyasıdır. Hesablamalara görə, bu lotereya dövlətə digər ölkələrə nisbətən daha  çox gəlir gətirir. İsrail və Çexiya kimi dövlətlərdə milli lotereyaların statusu kifayət qədər yüksəkdir. Belə ki, lotereyadan gələn gəlir dövlət büdcəsinin səkkizdən bir hissəsini təşkil edir. Lotereya biznesindən isə ölkənin pul dövriyyəsinin böyük hissəsi keçir.

Bununla belə, bəzi ölkələrdə lotereya sosial xərclərin ödənilməsi üçün əlavə gəlir mənbəyi sayılır. Məsələn, İtaliyada satılan lotereya biletlərinin 15 faizi sosial ehtiyaclar, 3,1 hissəsi isə büdcə xərclərinə hesablanır. Skandinaviya ölkələrində isə bir qayda olaraq sosial müdafiə təşkilatları məhz lotereya  oyunlarından gələn gəlirlə fəaliyyət göstərirlər. Finlandiyada idman təşkilatlarının büdcəsinə yatırılan pullar bir şəbəkədə birləşən  dövlət lotereyalarından ödənilir. Bunlardan ən böyüyü Finlandiyanın milli lotereyası Veikkausdur. Bu lotereyanın orta dövriyyəsi 630 milyon dollar təşkil edir. Bu məbləğin 40 faizi uduşlara sərf edilir. Bütün xərclər istisna olmaqla, şirkətin ümumi gəliri mədəniyyət və idmanın inkişafına gedir.

Günel MANAFLI