Yeni ilin yaxınlaşmasıyla mağazalarda bayram hədiyyələri, bayram aksesuarlarının da sayı artıb. Bunlar da xüsusilə uşaqları cəlb edir. Ancaq mütəxəssislər marketlərdən, yarmarka və dükanlardan uşaqlara hazır, içi dolu hədiyyə almağı məsləhət görmürlər. Yeni illə bağlı alış-veriş edərkən diqqətli olmağı məsləhət görürlər.
Tribunainfo.az yazır ki, mütəxəssislərin fikrincə, hazır vəziyyətdə satılan hədiyyələrin qutusunda tarix yazılsa da, bu qutunun istehsal tarixidir və bunun onun içindəki şirniyyatların istehsal tarixinə aidiyyəti yoxdur. Həmçinin hazır hədiyyə qutuları ağzı qapalı satıldığı üçün müştəri onun içindəkilərin tarixinə baxa bilmir. Çox vaxt isə belə qutularda adətən yeyilməyən, istehsalçısı məlum olmayan şirniyyatlar yığılır.
Mütəxəssislər məsləhət görür ki, heç bir satış obyektindən hazır formada satılan Yeni il hədiyyələri almayın.
Bundan başqa, Yeni ilin xüsusi aksesuarlarından olan maskalar da məsləhət görülmür. Mütəxəssislərin fikrincə, üzə təmas edən bu maskalar xüsusilə allergik olan, dərisi həssas olan uşaqlara pis təsir edir. Həmçinin maskaların iç tərəfininin tozu bir başa buruna gedir ki, bu da uşaqlarda müxtəlif xəstəliklər, öskürək, allergiya, qaşınma yaradır.