Son dövrlərdə dünyada siyasi gərginliyin artması, geopolitik oyunların daha da mürəkkəbləşməsi müşahidə olunur. Avropada hava məkanı təhlükəsizliyi ilə bağlı addımlar, Amerikada iqtisadi siyasətin və Federal Ehtiyat Sisteminin müstəqilliyinin sorğulanması, BMT-nin 80-ci sessiyası çərçivəsində insan haqları və beynəlxalq hüquq məsələlərinin aktuallaşması kimi mövzular siyasi gündəmi formalaşdırır. Bu kontekstdə, yerli siyasətçilərin beynəlxalq trendləri nəzərə alaraq Azərbaycanda siyasi və diplomatik mövqeləri necə qurması vacibdir.
Avropada Rusiyadan gələn hava məkanı müdaxilələri nəticəsində NATO ölkələrinin hava müdafiə missiyalarını gücləndirməsi Azərbaycanın regional təhlükəsizlik siyasətində hansı addımları atmalıdır?
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən siyasətçi Asif Nərimanlı bildirib ki, dünyada baş verənlər, Amerikadan tutmuş Avropadakı vəziyyət, orada yaşananlar, Mərkəzi Asiya-Çinə doğru, Yaxın Şərq, o cümlədən Rusiya-Ukrayna müharibəsi, bütün bunlar böyük tabloda dünyanın yeni nizamının qurulması prosesinin tərkib hissəsidir.
A. Nərimanlının sözlərinə görə, son vaxtlar Yeni Dünya nizamı haqqında çox bəhs olunur. Bu da təsadüfi deyil. 20-cisrin öz nizamı formalaşmışdı. Həm siyasi xəritələrin qurulması, həm də qüvvələr balansının formalaşdırılması baxımından bunun üçün dünya 20-ci əsrdə iki böyük müharibə gördü. Bu müharibələr, Birinci Dünya Müharibəsi əslində monarxiyaların, imperiyaların dağılması idisə, İkinci Dünya Müharibəsi artıq yeni qlobal sistemin formalaşması idi.
Hazırki vəziyyətə toxunan siyasətçi vurğulayıb:
“İndiki vəziyyət həmin iki müharibə arasındakı vəziyyəti xatırladır. Həmin dövrdən millətçilik ön plana çıxmağa başladı. Sosial-iqtisadi problemlər yaşanmağa başladı. Ən önəmli məsələ isə, Amerika məhs həmin dövrdə bir növ öz qitəsini proseslərdən uzaqlaşdırdı. Hazırda Trampın həyata keçirdiyi siyasət də həmin o keçmişi xatırladır. Dünyadakı proseslərə baxdıqda, xüsusilə, Rusiya-Ukrayna müharibəsi üzərindən başladı. Belə görünür ki, dünyada yeni nizamın formalaşması üçün daha böyük bir toqquşmanın ola biləcəyi istisna edilməməlidir. Bu isə təbii ki, Azərbaycan kimi ölkələrin, ümumiyyətlə bütün ölkələrin təhlükəsizlik sisteminin qorunması məsələsini aktuallaşdırır. Azərbaycan bu prosesdə həm siyasi, həm də hərbi müstəvidə paralel şəkildə hərəkət etməlidir. Siyasi müstəvidə baxdıqda, 2020-ci ildən sonra, pandemiyadan sonrakı dünyada artıq qlobalizmin arxa fona keçdiyi müşahidə edilir. Qlobal zəncir dağıldı. O cümlədən, dünyanın karantində qalması Bu qlobalizmi sıradan çıxardı. Əvəzində regional ittifaqların, müttəfiqlərin aktuallaşdığını müşahidə edirik. Hesab edirəm ki, Azərbaycan ilk öncə bu siyasəti yürüdür. Bugünkü mövcud vəziyyətdə qlobal, hər hansı böyük ittifaqların üzvü olmaqdansa, daha çox ikitərəfli və regional müstəvidə əməkdaşlıq xəttinə üstünlük verilir. Trampın gəlişindən sonra Amerika və Azərbaycan arasındakı münasibət tərəfdaşlıq səviyyəsinə yüksəldi. Hal-hazırda münasibətlər kifayət qədər müsbət formadadır. Xüsusən də Zəngəzur dəhlizi Azərbaycanın nəqliyyat şəbəkəsinin bir hissəsi olacaq. Təkcə Azərbaycan yox, Cənubi Qafqazın özünə də, Orta Dəhlizin bir hissəsi olacaq. Bu gələcəkdə Azərbaycanın təhlükəsizliyinin qorunmasında Amerikanın dəstəyinin də əldə edilməsinə zəmin yaradır. Azərbaycan super güc olan Amerika ilə yanaşı, Şərqdə ikinci qütb kimi ortaya çıxan və dünyanın ikinci super gücü olacağı proqnozlaşdırılan Çinlə də eyni səviyyəli əməkdaşlıq qurur. Çinlə münasibətlərimiz də artıq strateji tərəfdaşlıq müstəvisinə yüksəlib. Bu həm siyasi, həm iqtisadi, həm də bütün sferalarda artıq əhatə edir. Azərbaycanın Avropa ilə münasibətləri əvvəlki kimi böhranlı vəziyyətdə deyil. O cümlədən, körfəz ölkələri ilə də güclü əməkdaşlıqlar edir. Regionda artıq Ermənistanla olan problemlər də aradan qalxır. Ən böyük məsələlərdən biri də məhs Qarabağ məsələsinin bitməsi və Ermənistan Azərbaycan müharibəsinin başa çatmasıdır ki, sülhün əldə edilməsilə, artıq təhlükəsizliyimizə kənar müdaxilələrin aradan qaldırılması is böyük addımlar atılacaq”.
Dəniz Pənahova