“Yeni adlar” layihəsinin payız-qış mövsümündə son konserti keçirilib

“Yeni adlar” layihəsinin payız-qış mövsümündə son konserti keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət Nazirliyinin bu ilin yazından həyata keçirdiyi “Yeni adlar” layihəsinin payız-qış mövsümü başa çatıb. Mövsümün sonuncu konserti dekabrın 29-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilib.

Tribunainfo.az xəbər verir ki, musiqi axşamının tamaşaçıları arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər olub.

Konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor: Əməkdar artist Fuad İbrahimov) müşayiəti ilə gənc istedadlar – respublika və beynəlxalq müsabiqələr laureatları Nəzrin Aslanlı (violin) və Əli Məmmədov (piano) çıxış ediblər.

Əli Məmmədovun təqdimatında S.Raxmaninovun “Piano və orkestr üçün 3 saylı konsert”i gurultulu alqışlarla qarşılanıb.
Qeyd edək ki, Ə.Məmmədov bir sıra mötəbər müsabiqələrdə iştirak edib, uğurlar qazanıb. 2010-cu ildə N.Əliverdibəyov adına gənc ifaçıların müsabiqəsində fortepiano nominasiyasında I yerə layiq görülüb. 2012-ci ildə Ukraynada keçirilən gənc bəstəkarların “PentaTon” beynəlxalq müsabiqəsinin laureatı olub. 2014-cü ildə İngiltərənin Nyukasl şəhərində Pianoçuların VII beynəlxalq müsabiqəsində ölkəmiz təmsil edib. 2016-cı ildə ölkə başçısının müvafiq sərəncamı ilə Prezidentin xüsusi təqaüdünə layiq görülüb və adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb.

Bu ilin mart ayından keçirilən “Yeni adlar” layihəsi müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə, o cümlədən musiqi sənətimizi dərindən bilən, onu sevgi hissi ilə ifa edən gənclərin sayının artmasına xidmət edir. Gənc ifaçıların tanınmış dirijorların rəhbərliyi altında simfonik, kamera və xalq çalğı alətləri orkestrləri ilə konsertlərinin keçirilməsi onların sənət yolunda inkişafına mühüm zəmin yaradır.

Tribunainfo.az