Yenə də ümidlərin bitdiyi yerdə “Qarabağ” var

Yenə də ümidlərin bitdiyi yerdə “Qarabağ” var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Mark Zukerberq sağ olsun, bəşəriyyətə “Feysbuk” adında gözəl bir icad ərməğan edib. Məhz onun sayəsində insanlar sosial şəbəkələrdə fikirlərini bölüşür, emosiyalarını digərlərinə çatdırır, müxtəlif informasiyalar alırlar.
“Feysbuk”un daha bir üstün cəhəti xatirələri təzələməsidir. Burda hər gün xatirələrini təzələyirsən, son 5-10 ildə ayın bu günündə nələr yaşadığın, hansı paylaşımlar etdiyini Markın gözəl texnologiyası yenidən qarşına çıxarır. Bir növ həmin hissləri yenidən yaşayır, tarixin təkərini geri fırlatmaq imkanı qazanırsan. Bizim iyul-avqust aylarındakı paylaşımlarımızın əksəri fubolla bağlı olur. Çünki məhz bu aylarda klublarımızın avrokuboklarda mübarizə aparmağa başlayır, Azərbaycan futbolunu Avropanın “yaşıl meydanları”nda uğurla təmsil etməyə çalışırlar. Bəli, məhz çalışırlar.
Təəssüflər olsun ki, heç də hamıya bunu uğurla bacarmaq, çətin missiyanı sona qədər yerinə yetirmək müəssər olmur. Birinə səviyyə fərqi imkan vermir, digərinin hansısa vacib məqamda bəxti gətirmir, başqa birisi də mövsüm bitəndən sonra aparıcı futbolçularını heyətdə saxlaya bilmir, onların yerinə gələnlər isə “köhnələr”in yerini doldurmağı bacarmır. Vəlvələdən, yaxud da zəlzələdən bizimkilərin avrokubokların qrup mərhələsinə doğru yürüşü elə başlayan kimi də bitir.
Elə bu yerdə hamının nəzərləri “Qarabağ”a dikilir. Sevəni də, sevməyəni də “nə yaxşı ki, “Qarabağ” var” deyib, özünə təskinlik verir, “köhlən atlar”ın qrup mərhələsinə doğru yürüşünü izləyir, onun zəfərləriylə sevinməyə başlayır. Artıq 10 ildir ki, belədir. Hələ həmin 10 ildən əvvəl də “Qarabağ” “Tvente” və “Brügge” kimi Avropanın tanınmış klubları üzərində qələbələri ilə bizi sevindirir və ümidləndirirdi. Bu ümidin davamı kimi “Qarabağ” fasiləsiz olaraq 10-cu dəfə Azərbaycan futbolun imicini qrup mərhələsində qorumaq missiyasını öz üzərinə götürür.

 

2014-cü ildə başlayan o möhtəşəm tarixin növbəti səhifəsi yazıldı. Dünən axşam Helsinkidə HİK-i üstələyən “Qarabağ” daha bir tarixi uğurun altına öz imzasını atdı. Komandamız Avropa Liqasının qrup mərhələsinə düşmək uğrunda Sloveniya təmsilçisi “Olimpiya” ilə qarşılaşacaq. Amma bu görüşün necə nəticələnəcəyindən asılı olmayaraq, UEFA Konfrans Liqasının qrupunda iştirak təmin olub. Bu uğura tribunalarda təcaüzkar qonşularımızı dəstəkləyərək, “Armeniya-Armeniya” qışqıran bir qrupun gözləri qarşısında imza atılması isə ikiqat sevindiricidi. “Qarabağ” indiyə qədər belələrinin səsini çox batırıb, elə içlərində saxlayıb.

Bəli, ondan başlamışdım ki, bu ərəfələrdə az qala hər gün “feysbukda” qarşıma keçmişdə “Qarabağ”la bağlı etdiyim paylaşım çıxır. Şükürlər olsun ki, “Qarabağ”ın zəfər xəbərlərini müqəddəs Qarabağ torpaqlarında almaq, Kəlbəcərdə, Zəngilanda, Qubadlıda sevinmək də qismətimiz olub. Bu dəfəki sevinci isə Qazaxıstanın Almatı şəhərində yaşadım. Bilirəm ki, mən tək deyiləm. Mənim kimi minlərlə vətənini sevən, ürəyi onunla döyünən, Azərbaycan futbolunu yaxından təqib edən vətəndaşımız oxşar hisləri yaşayır. Könül istərdi ki, bu sevinci dünən bizə “Sabah”la “Neftçi” də yaşatsın. Acı reallıq isə bizə başqa həqiqətləri diqtə edir.
Ümidsizliyə qapılmaq, pessimizmə yenilmək vaxtı deyil. Çünki “Qarabağ” ümidləri yaşatmağa, minlərlə azarkeşin üzünü güldürməyə davam edir. Artıq bundan sonrasını düşünmək zamanıdır. Əminəm ki, “Qarabağ” qrup mərhələsinə daha güclü, daha inamlı gedəcək. Başladığı işi uğurla sona çatdıracaq.
Amal Abuşov