Ölkədə problemli banklardan biri də “Yelo bank” hesab edilir. Nizamnamə kapitalı 378 milyon manat olduğu deyilən bu bank problemli kreditlər səbəbindən müştəriləri ilə ən çox mənzil mübahisəsi yaşayan bank hesab edilir. Bu bank yaşanan kredit problemləri zamanı müştərilərin evini əlindən almaqda maraqlı olan bankdır.
Tribunainfo.az xəbər verir ki, qarşıdakı 30 gün ərzində məhkəmələrdə “Yelo Bank”la bağlı 135 işə baxılacaq. Bu proseslərdən bəziləri ötən aylardan və hətta ötən illərdən qalan proseslərdir. Əksər işlər problemli kreditlərlə bağlıdır ki, iddiaları bank özü qaldırıb.
Bankın aylıq 135 məhkəmə çəkişməsindən 68-i mülki iş, 50-si kommersiya mübahisəsidir. Məhkəmə qətnamələrinin icrası ilə bağlı proseslərin sayı isə 15-dir. Cinayət işi və ya xüsusi ittiham qaydasında baxılan işlərin sayı isə 2-dir.
“Yelo Bank”ın müştərilərinə qarşı qaldırdığı 68 mülki işdən 7-si mənzildən çıxarılma ilə bağlıdır. “Hər addımımızda müştərilərimizi və onların gözləntilərini nəzərə alırıq”, deyən “Yelo Bank” təkcə bir ay ərzində müştərilərinə qarşı açdığı 7 mənzildən çıxarılma işi ilə yüzlərlə insanı evsiz qoymaq istəyir.
Bildirək ki, “Yelo Bank”ın müşahisə şürasının sədri Marina Kulişovadır. Marina Kulişova 2008-ci ildən “Yelo Bank”ın Müşahidə Şurasının üzvü, 2016-cı ildən isə Müşahidə Şurasının sədri kimi fəaliyyət göstərir. Bankın əsas problemli şöbəsi isə kredit komitəsidir.
Bankın kredit komitəsinin sədri Anar Həsənovdur.
Problemli kreditlərin yaranması, kreditorlarla bağlanan müqavilələr, kredit alanların incidilməsi məhz bu şəxsin adı ilə bağlıdır. Bu şəxs bankın qəbul olunmuş kredit siyasətinə müvafiq olaraq kredit risklərini idarə edir, öz səlahiyyəti daxilində kreditlərin verilməsi, verilmiş kreditlərin şərtlərinin dəyişdirilməsi ilə bağlı qərar qəbul edir.
Maraqlıdır ki, kreditorlarla bu qədər problem yaşayan bankın iki kredit şöbəsi var. Əsas kredit komitəsindən başqa, bankın kiçik kredit komitəsi də var ki, ora da rəhbərliyi İbrahim Quliyev adlı şəxs edir.
Bankla vətəndaşlar arasında yaşanan problemli kreditlərin səbəbkarı bu iki şəxs hesab edilir.
Bank mütəxəssisləri də hesab edir ki, bankın problemli kreditlərinin çoxluğu bankın qeyri-peşəkar fəaliyyətindən və xüsusilə kredit şöbəsinin səriştəsizliyi, ödəməyə imkanı olmayan şəxslərə böyük kreditlər ayrılmasındadır. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Gülşən İbrahim