Kredit portfeli 900 milyon manat olan “Yelo Bank” 9 aylıq nəticələrə dair hesabatını açıqlayıb. Tribunainfo.az xəbər verir ki, digər banklar kimi, bu bank da rəqəmlərlə oynamaqla vəziyyətinin yaxşı olduğunu göstərməyə çalışıb.
Bank qeyd edib ki, kredit portfeli ilin əvvəlindən bəri 130 milyon manat artaraq 900 milyon manata yaxınlaşıb. Əsasən biznes kreditlər ayırdığını bildirən “Yelo Bank”, aktivlərinin 1,2 milyard manata çatdığını da vurğulayıb.
Maraqlı məqamlardan biri də budur ki, bank fiziki şəxslərin əmanətlərinin 12% artdığını qeyd edib. Bunun da 66 milyon manat çox olması vurğuylanır. Amma həmin hesabatda qeyd edilir ki, faiz gəlirlərnin böyük hissəsi – 98 milyon manatı kreditlərdən daxil olan faiz ödənişləridir. Və bu ödənişlərdə istehlak krediti üzrə ödənişlər üstünlük təşkil edib. Yəni, əhaliyə verilən kreditlərdən əldə etdikləri faizlərlə digər sahələrdəki boşluqlarını doldurublar.
Bank öz problemlərini bağlamaq üçün başqa bir vasitəyə də əl atıb. Tribunainfo.az xəbər verir ki, hesabatda ilin əvvəlindən bəri bankda haqq və komissiya gəlirləri 2 dəfədən çox artıb. Bu, o deməkdir ki, bank kredit verərkən, komissiya xərcləri adı altında vətəndaş və ya biznes strukturundan əlavə ödəniş götürüb. Yəni, siz bankdan kredit alarkən komissiya xərci tutulub ki, bu da bankın uğuru deyil, çətin durumda olmasının göstəricisi kimi qəbul edilir. Çünki bu vətəndaşın cininə “komissiya xərcləri” adı ilə girməkdir.
“yelo Bank”ın ağır durumda olmasının bir başqa göstəricisi isə bankın qeyri-faiz xərclərinin 12 milyon manat çoxalaraq, 52 milyon manatdan 64 milyon manata qalıxmasıdır. Bu yaxşı göstərici hesab olunmur. Bank buradakı itkilərini əmək haqlarının artımı ilə izah etməyə çalışıb. Lakin rəqəmdən də görünür ki, 64 milyonluq xərcin cəmi 36,5 milyon manatı əmək haqqı şəklində sərf olunub.
Ötən ilin analoji dövrü ilə müqayisədə gəlirlərinin 2.5 dəfə artdığını (keçən il xalis mənfəət 13,8 milyon manat olub) deyən bank, özü də bilmədən elə bir kampaniyaya start verib ki, bununla durumunu ortaya qoyub. Belə ki, bank əmanətçiləri normal şərtlərlə qəbul edə bilmədiyindən, onları “həvəsləndirmək” üçün ağacəkmə kampaniyası təşkil etməyə başlayıb. Yəni, “Yelo Bank”a əmanət yerləşdirən hər bir əmanətçinin adına ağac əkəcəklərini vəd edirlər.
Təbii ki, ağac əkmək nəcib işdir və ekologiyaya fayda verir. Lakin bir bank müştəri cəlbi üçün belə ucuz variantlara gedirsə, başqa kreativ vasitələr tapa bilmirsə, bu onun durumunun ağır olmasından xəbər verir.