“Bu, sizin ölkəniz deyil, sizin torpağınız deyil. Fransanı tərk edin, İsrailə gəlin. Əgər yəhudi qalmaq istəyirsinizsə, əgər istəyirsinizsə ki, sizin uşaqlarınız və nəvələriniz yəhudi olsunlar, Fransanı tərk edin”.
“Bu, sizin ölkəniz deyil, sizin torpağınız deyil. Fransanı tərk edin, İsrailə gəlin. Əgər yəhudi qalmaq istəyirsinizsə, əgər istəyirsinizsə ki, sizin uşaqlarınız və nəvələriniz yəhudi olsunlar, Fransanı tərk edin”.
Belə bəyanatla İsrailin müdafiə naziri Avidqor Liberman 2016-cı ilin sonunda çıxış etdi.
Bu, Fransadakı yəhudilərin həyatının mürəkkəb olduğuna işarədir. Ekstremist sağçıların baş qaldırmasından sonra radikal islamçılar da yəhudilərə qarşı çıxış edir. Artıq Fransada yəhudilər və iudaizmə bağlı olan obyektlər antisemit hücumlara məruz qalır.
“Avropada yəhudiləri ona görə öldürürlər ki, onlar yəhudidir”.
A.Liberman faktiki olaraq baş nazir Benyamin Netanyahunun iki il öncəki sözlərini təkrarlayır.
Netanyahu deyirdi: “Avropadakı yəhudilər öz kimliklərinə görə öldürülür. İsrail sizin evinizdir. Biz Avropadakı yəhudilərin kütləvi şəkildə İsrailə gəlməsini istəyirik”.
Fransanın baş naziri olmuş Vals Manuel həmin vaxt Netanyahuya belə cavab verdi: “Fransalı yəhudilərin evi Fransadır. Bizim birlikdə gücümüz nifrətə müqavimət göstərməyə yetərlidir. Fransanı tərk edən hər bir yəhudi Fransanın bir parçasıdır”.
Lakin Fransanın xarici işlər naziri Rolan Dyuma başqa cür danışdı. O bildirdi ki, Vals yəhudi olan arvadının təsiri altındadır: “Onda şəxsi maraq var və buna görə qərəzlidir”.
Hələ 2014-cü ildə Fransada ictimai rəyin öyrənilməsi institutu (İFOP) “Fransa ictimai rəyində antisemitizm” haqqında tədqiqat apardı. Sorğuda iştirak edən fransızların 35 faizi düşünürdü ki, “yəhudilər II Dünya Müharibəsi zamanı qurban statusundan hazırda öz xeyirləri üçün istifadə edir”.
Respondentlərin dördə biri hesab edirdi ki, “yəhudilər iqtisadiyyat və maliyyə sahəsində həddindən artıq hakimiyyətə malikdirlər”. 22 faiz yəhudilərin mediada nüfuzlu olduğuynu qeyd etdi. 19 faiz isə onların siyasətə diktə etdiyini hesab edirdi. 6 faiz respondent isə çətin həyat şəraitlərinə görə yəhudiləri ittiham etdi.
“Français Fondation de Judaisme” fondunun 2016-cı ildə keçirdiyi sorğuda 59 faiz insan hesab edir ki, antisemitizmə görə yəhudilərin özləri də günahkardır. Respondentlərin böyük əksəriyyəti yəhudilərin varlı və hakimiyyət sahibi olduqlarını bildirib. 13 faiz insan isə Fransada yəhudilərin sayının həddindən artıq olduğunu deyib.
Artıq yəhudilərin Fransanı kütləvi şəkildə tərk etdiyi faktdır. Statistikaya görə, təkcə ötən il 5 min yəhudi Fransanı tərk edib. 2015-cü ildə bu rəqəm 7,9, 2014-cü ildə isə 7,2 min idi. Son 10 ildə Fransadan 40 min yəhudi İsrailə köçüb.
Fransada yəhudi agentliyinin rəhbəri Daniel Benxaiman deyir ki, bəziləri iqtisadi, yaxud dini səbəblərə görə İsrailə gedirsə, çoxları Fransada artan terrora görə bunu edir.
Yəhudilərin Fransada ehtiyat etməsinin tarixi səbəbləri var. 1980-ci ilin 3 oktyabr tarixində Parisin Kopernika küçəsində Sinaqoqun ətrafında portlayış törədildi. 4 nəfər həlak oldu, 46 nəfər yaralandı. Bundan sonra Fransada yəhudi icmasının müdafiəsi təşkilatı (Service de Protection de la Communauté Juive – SPCJ) yarandı. Təşkilat yəhudilərə çətin vəziyyətlərdə hərəkət etmək qaydalarını öyrədir, onları özünümüdafiəyə və təhlükəyə qarşı həssaslığa kökləyirdi.
2012-ci ildə Tuluzada Məhəmməd Mera skuterlə yəhudi məktəbinə yaxınlaşaraq, 30 yaşlı ravvini və biri yeddi, o biri üç yaşında olan oğlanlarını vurdu. Bundan sonra terrorçu məktəbə daxil oldu və qarşısına çıxana atəş açmağa başladı. Səkkiz yaşlı qız öldü, bir yeniyetmə isə yaralandı.
Lakin yəhudilərə qarşı zorakılıq bununla bitmədi. 2015-ci ilin 9 yanvar tarixində (“Charlie Heboda” jurnalının redaksiyasının güllələnməsindən iki gün sonra) 32 yaşlı Amedi Kulibali yəhudinin sahib olduğu mağazaya daxil olan dörd alıcını öldürdü, 15 nəfəri isə girov götürdü. Mağazanın sahibi hadisədən sonra bildirdi ki, həmişəlik olaraq İsrail köçür.
Ötən ilin yanvarında ərəb mənşəli yeniyetmə Marseldə yəhudi müəlliminə hücum etdi. Müəllim əllərindən və çiyinlərindən yaralandı. Yeniyetməni dindirərkən, bildirdi ki, bunu “Allah naminə” və İŞİD-ə dəstək olaraq edir.
Fransadakı yəhudilər təkcə radikal müsəlmanların təzyiqi ilə qarşılaşmır. Onlar həm də fransız ultrasağçılarının da hücumuna məruz qalırlar. Misal üçün, ötən ilin martında radikal sağçılar Verdendə sinaqoqa iki dəfə hücum etdi. Onlar sinaqoqa alçaldıcı plakatlar yapışdırdılar. Hakimiyyət isə nəinki sağçıları cəzalandırdı, ümumiyyətlə, bu hadisənin üzərini ört-basdır etdi.
25 dekabrda isə Paris yaxınlığındakı Sen-Denində Anna Frank adına ibtidai məktəbin qapılarına nasist və anti-semit yazılar yazmışdılar: “Juden Verboten” (yəhudilərə giriş qadağandır). Həmçinin, Davidin ulduzları və yəhudiləri alçaldan təsvirlər yapışdırmışdılar.
Bu hadisə yəhudiləri dini bayramı olan Xanukun birinci günündə baş vermişdi. Bu dəfə polis məsələni ciddi şəkildə araşdırdı və bir gün sonra 44 yaşlı fransızı saxladı. O, radikal sağçı baxışlarına malik idi.
SPCJ-nin məlumatına görə, 2015-ci ildə yəhudilərə qarşı 808 hücum qeydə alınıb.
İki il öncə Vals Manuel belə deyirdi: “Əgər 100 min yəhudi ölkəni tərk edərsə, bu, Fransanın ürəyini, ruhunu itirməsi deməkdir”.
Həmin vaxtdan başlayaraq, yəhudilər kütləvi şəkildə Fransanı tərk edirlər və Fransa artıq ruhundan məhrum olur.