Yazıçılar Anara müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir qrup yazıçı Azərbaycan Yazıçılar Birliyinin sədri Anara və AYB-nin katibliyinə müraciət ünvanlayıb. 

Bir qrup yazıçı Azərbaycan Yazıçılar Birliyinin sədri Anara və AYB-nin katibliyinə müraciət ünvanlayıb.

Kult.az xəbər verir ki, ölkənin tanınmış qələm adamlarından Seyran Səxavət, Səlim Babullaoğlu, Narıngül, Fərqanə Mehdiyeva, Faiq Balabəyli, Maarif Soltan, Gülxani Pənah, Sevinc Nuruqızı, Xan Rəsuloğlu, Şəfəq Sahibli və digərlərinin imzaladığı müraciətdə deyilir:

“Hörmətli Anar müəllim! Hamımıza məlumdur ki, dövlətimiz həmişə elm-sənət adamlarına, yazıçılara, incəsənət işçilərinə böyük qayğı və diqqət göstərib. Bu qayğı hələ mərhum prezidentimiz Heydər Əliyevin hakimiyyətdə olduğu zamanlarda özünü parlaq şəkildə göstərib və mədəni həyatımızın inkişafına böyük təkan olub. Bu ənənə uzun müddət davam edib və bu gün də sosial həyatımızda özünü əks etdirməkdədir.

Elə bu günlərdə ölkə başçısı, cənab İlham Əliyevin sərəncamı ilə jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün böyük bir bina inşa edilib və Milli Mətbuat Günündə jurnalistlərin ixtiyarına veriləcək.

Bundan bir müddət əvvəl eyni təyinatla tikilən bina jurnalistlərin ixtiyarına verilmiş, onların həyat səviyyəsinin xeyli yaxşılaşmasına səbəb olmuşdur.

Bu çox tədqirəlayiq haldır və hər birimiz ölkə başçısının bu diqqətinə, jurnalistlərə olan qayğısına görə ürəkdən “sağ ol” deyirik və alqışlayırıq.

Bildiyiniz kimi, sizin rəhbərlik etdiyiniz AYB üzvü olan yazıçılarımızın da mənzil şəraitinin yaxşılaşdırılmasına böyük ehtiyac var və mənzilin yaradıcı insanın həyatında çox mühüm rol oynamasını gözəl bilirsiniz.

Məhz o vaxtlar ölkə başçısının, dövlətimizin sizlərə olan diqqətinin bəhrəsi idi ki, hər biriniz evlə təmin olunmuşduz və yadda qalan, Azərbaycan ədəbiyyatında nümunə göstərilə biləcək əsərlərə imza atmışdınız.

Çox hörmətli Anar müəllim!

Siz tanınmış bir Azərbaycan ziyalısı, Yazıçılar Birliyinin sədri olaraq həmişə həmkarınız olmuş yazıçılara dəstək olmusuz, bacardığınız qədər onlara köməklik göstərmisiniz.

Az qala on ilə yaxındır ki, Prezident İlham Əliyev tərəfindən yazıçıların mənzil şəraitinin yaxşılaşdırılması üçün tikiləcək binaya torpaq sahəsi ayrılıb. Bu məsələnin həllinin uzanması təəssüf doğurur. İndiki böhran şəraitini də diqqətə alırıq və düşünürük ki, bu məsələnin həlli bir-iki nəfərlə məhdudlaşa bilməz. Ona görə də mənzil şəraiti ağır olan biz yazıçılar əl-ələ verib müsbət nəticə əldə edə bilərik. Yeri gəlmişkən, bir-iki il əvvəl mənzil məsələsi ilə bağlı “Abidə” kooperativinin məsələsi həll olundu və bu istiqamətdə sizin müşaviriniz olan Rauf Aslanovun xidməti danılmazdır. İnanırıq ki, sizin köməkliyinizlə yazıçılar üçün ayrılmış torpaq sahəsində bina tikilməsinə başlanılacaq.

Sizdən xahiş edirik ki, mənzil tikintisinə məsul olan və illərdir heç bir iş görməyən komissiyanın və onun rəhbərinin dəyişdirilməsi üçün əməli iş görəsiniz”.