Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev telekanallardan şikayətlənib və interneti pisləyib.O, qeyd edib ki, telekanallara çox baxmır: “Amma baxanda görürəm ki, o qədər söyüş söyürlər, ədəbsiz hərəkətlər edirlər… Ailələri gətirirlər, onların daxili problemlərinin, heç kimin bilməməli olduğu məsələləri camaatın müzakirəsinə çıxarırlar. Bu müzakirələrin də müsbət nəticəsi olmur. İnsanların bir qismi xoşlayır ki, baxsın görsün qonşunun evində nə var. Bu marağı da bəzi televiziya kanalları qızışdırır”.
Tribunainfo.az-a danışan gənc yazar Oğuz Ayvaz bildirib ki, yazıçı Anarın ilk dəfədir doğru və birmənalı fikirləri ilə rastlaşır: “Amma məsələ budur ki, xalq yazıçısı internet və sosial media ilə bağlı dediklərini hamımız çox yaxşı bilirik. Anar müəllim bununla bağlı heç bir təklif irəli sürmür. Bildiyimiz məsələləri deyir. Mənim üçün yazıçı mövcud problemlərə ideya təklif edən və bu fikrini əsaslı arqumentlərlə müdafiə edən şəxsdir”.
Onun sözlərinə görə, televiziya və internet bu günə düşübsə, onun ən böyük günahkarı telekanalın rəhbərliyindədir: “Tiktokerləri, yutuberləri xəbərə çevirən, televiziyaya gətirən sistem dəyişilməlidir. Məncə, yazıçı Anar bəhs etdiyimiz məsələlərlə bağlı nazirliklərə öz təkliflərini təqdim edə bilərdi”.
Dəniz