Yayın cırhacırında kostyum-qalstuklu məmurlar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onlar etiket qaydalarına riayət edirlər, ya şablondan uzaqlaşa bilmirlər? 

 

Onlar etiket qaydalarına riayət edirlər, ya şablondan uzaqlaşa bilmirlər? 

Belə mənzərələrlə dəfələrlə qarşılaşmışıq. Yaydır, havanın temperaturu 40 dərəcə istini göstərir, amma məmurlar, dövlət idarələrində və ya özəl sektorda çalışan şəxslər kostyum-şalvarda, qalstukda… əzab çəkirlər. Bizə görə, bu, belədir. Yəni onların istidə özlərinə zülm verdiklərini düşünürük. Çünki o cür havada hamımız daha sərin, daha açıq, istidən daha çox qoruyan qiyafələr geyinməyə üstünlük veririk. Bizim əksimizə olaraq, onlar daşıdıqları statusun ağırlığını həm də geyim seçimində göstərirlər. Daha ciddi, daha rəsmi və daha qapalı…

Bunun izahatı bir çox hallarda “dress-kod” termini ilə assosiasiya olunur. Ümumiyyətlə isə “dress-kod” termini Böyük Britaniyada yaranıb və qısa müddətdə bütün dünyaya yayılıb. Müasir dress-kod qayda və standartların bütövlüyü, işgüzar insanın qəbul edilmiş normalarıdır. Geyim seçimində əsas qayda onu vaxta və şəraitə görə seçməkdir. Axı müasir dünyada nəinki geyimə görə qarşılayırlar, həm də yola salırlar. Ona görə də hadisənin, mərasimin mövzusuna uyğun geyinməlisiniz.

“White Tie” ifadəsi tərcümədə ağ qalstuk deməkdir. Balda, banketdə, diplomatik qəbullarda, cıdırda və toyda ciddi, rəsmi variant hesab edilir. Kişilər: kişilər üçün bu, qara frak, qara şalvar deməkdir. Ağ köynəyi ağ kəpənək qalstuk tamamlamalıdır. Ayaqqabı və corab yalnız qara rəngdə olmalıdır. Qadınlar: məhz belə gecəyə ipəkdən, məxmərdən və ya taftadan paltar geyinmək olar və lazımdır. Açıq dekolte sinə şalla örtülür, bəzək əşyaları ancaq bahalı metallardan olmalıdır, dirsəyə qədər əlcək taxılmalı və kiçik ölçülü çanta götürülməlidir. Saçlar səliqəli şəkildə hündür toplanmalıdır.

“Black Tie”, “Cravate Noire”, “Tuxedo” – dress-kodu ciddi gecə tədbiri, məsələn, teatr üçün nəzərdə tutulur. Kişilər: cüt və ya tək düyməli smokinq geyilir. Köynək isə ağ rəngdə olmalıdır. Kəpənək qalstuk qara rəngdə. Kişilər üçün vacib atribut enli qurşaq, yəni belbağı hesab edilir. Ayaqqabı da qara rəngdə olmalıdır. Döş cibində yaylıq və butonyör (yaxaya taxılan qönçəli sancaq) ola bilər. Qadınlar: donun uzunluğu dizdən yuxarı da ola bilər, döşəməyə qədər çata da bilər. Dəri və ya parçadan incə kəmərli saat və yaxud bahalı daş-qaşlı qolbaq, bilərzik taxmaq olar.

“Black Tie” ifadəsi ilə yanaşı “Invited” sözü yazıla bilər. Bundan başqa dəvətnamədən “Optional”, “Creative” sözləri yazıla bilər. Bu, o deməkdir ki, qaydalara riayət etmək vacib deyil, obrazınıza yaradıcı yanaşa bilərsiniz. Qadınlar kişmir sviterlə uzun ipək yubka geyinə, kişilər isə standart olmayan rənglərdən istifadə edə bilərlər.

“Cocktail Attire” ailə şənlikləri, kokteyl və digər mərasimlər üçün münasibdir. Kişilər: qara kostyumsuz və qalstuksuz. Qadınlar: zərif və məlahətli görünməlidirlər. Bu “dress-kod” həm ofis, həm gecə üçün yararlıdır. Ona görə ki, həm kostyum, həm də kokteyl üçün donlar geyinmək olar. Özünüzlə kiçik ölçülü çantalar götürə, bijuteriya taxa bilərsiniz.

“Black Tie” anlayışına çox yaxındır. Lakin bəzən geyimə yaradıcı yanaşmaq, dəbli detallardan istifadə etmək olar.
“Semi Formal” – yarı-rəsmi “dress-kod”. Kişilər: mərasimdən asılı olaraq pencəyin altından nazik cemper geyinə bilərsiniz. Qadınlar: saat 8-ə kimi şalvarlı kostyumlar və ya dəbdəbəli gündəlik don geyinə bilərsiniz. 8-dən sonra kokteyl üçün donlar, tutalım qara qısa don.

“Casual” kişilər: bu “dress-kod” ən demokratikdir. Vəziyyətdən asılı olaraq işgüzar kostyumu köynək, sviter və ya jaketlə geyinə bilərsiniz. Cins, pencək, pambıqdan və ya trikotajdan futbolka geyinə bilərsiniz. Təbii ki, işgüzar xarakterli tədbirə daha ciddi variant seçsəniz yaxşı olar. Qeyri-rəsmi görüşlərə isə keyfiyyətli cins də geyinmək olar. Qadınlar: demək olar ki, hər şey geyinə bilər – gündəlik və ya ofis stilində donlar, həmçinin cins, yubka və s. Aksesuarları düzgün seçməklə obrazınızı tamamlaya bilərsiniz. Əsas odur ki, bayağı deyil, dəbli görünəsiniz.

“A5″ (”After five”) Bu “dress-kod” saat 5-dən sonra restoran və ya kafedəki çağırılmış dəvətlər, mərasimlər üçün münasibdir. Kişilər: işgüzar kostyumla rəngli, parlaq köynək geyinə bilərlər. Qadınlar: mütləq gözəl, bayramsayağı, gündəlik geyimdən fərqli geyinməlidirlər.

Amma bu məsələdə diqqəti çəkən bir başqa detal da son illər populyarlıq qazanan kejual tərzidir. Onun üzərində xüsusi dayanmaq zəruridir. Kejual dəb termini olub, ingilis dilindən gündəlik, lakin eleqant geyim mənasını verir. Kejual stilinin əsas xüsusiyyətləri rahat və istənilən məkana uyğunluq təşkil etməsidir. O, özündə idman və klassik elementləri birləşdirir. Kejual üslubu müxtəlif brendlərin və tərzlərin “təsadüfi” birləşmələri ilə səciyyələnir. Bu zaman əsasən cins, pambıq, kətan, yun, dəri, parçadan olan geyimlərdən istifadə olunur. Bu tərz təbii materiallardan olan bəzək əşyaları ilə tamamlanır.

Sadəlik və rahatlığına görə, kejual üslubunun özünün də bir neçə növləri var. Məsələn, street (küçə), smart və ya casual tərzi. Onlar da öz növbələrində bir-birindən xeyli fərqlənirlər.

Birincisi, dostlarla şəhər gəzintisi üçün nəzərdə tutulub. Burada geyimlər maksimum rahat olmalı, lakin bir o qədər də eleqant görünməlidir.

İkincisi isə çox ciddi olmayan iş mühitləri və ya işgüzar görüşlər üçündür. Şalvar, köynək, jaket, ətək, kokteyl donları parlaq aksessuarlar və rahat ayaqqabılarla birləşdirdikdə müasir işgüzar tərz yaranmış olur. Əgər iş yerində ciddi dress-kod qaydaları yoxdursa, onda kejual üslub lap yerinə düşür. Bu tərzi dəb mütəxəssisləri də alqışlayır. Məsələn, pencəklə, düyməli köynək obraza ciddilik verir, cins şalvar isə bu ciddiliyi yumşaldır. Ona görə də əminliklə demək olar ki, smart kejual müasir kişi və müasir qadın qarderobunun əsasını təşkil edir.

Smart kejual klassik üslubdan bununla fərqlənir ki, burada ciddi kostyum, qalstuk, köynəklər və ya dikdaban ayaqqabı geyinmək məcburi deyil.

Yəni bu məsələdə də olduqca incə nüanslar var və onlara riayət etmək lazımdır. İnsanlar daşıdıqları vəzifəni sözün bütün mənalarında doğrultmalıdılar. Düşünün ki, hansısa nazirlikdə, dövlət idarəsində məsul bir vəzifə tutan şəxs cins şalvarda, dar köynəkdə və idman ayaqqabısında işə gəlir, iclas keçirir. Bu, onun işinə qeyri-ciddi yanaşmasının göstəricisi sayılacaq və sözünün dəyərinə birbaşa təsir edəcək. Üstəgəl, bu mənzərə təkcə bizdə deyil. Avropa, Amerika və ümumiyyətlə, inkişaf etmiş ölkələrdə də bizneslə məşğul olan, ciddi iş adamları bu imicdən əsla vaz keçmirlər.

Sevinc TELMANQIZI