backend

Yay imtahanlarından xoş xəbər – Ekspert nələr dedi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ A24.az-a istinadən təhsil eksperti Elçin Əfəndinin müsahibəsini təqdim edir. 

A24.az saytının budəfəki müsahibi təhsil eksperti Elçin Əfəndidir.


– Elçin müəllim, bu ilki qəbul ilində keçiriləcək imtahanlar və gözləntilər haqqında nə deyə bilərsiniz?

– Bildiyimiz kimi, Dövlət İmtahan Mərkəzi I, II, III və IV qrup üzrə yaz qəbul imtahanlarını keçirdi. Həmin imtahanlarda yüksək nəticə əldə edən abituriyentlər əvvəlki illərə nisbətən daha çoxdur. Bununla yanaşı, nəticəsi 0-200 bal aralığında olan abituriyentlər də çoxluq təşkil edir. İndi abituriyentləri növbəti mərhələ-yay qəbul imtahanı gözləyir. Yay qəbul imtahanına qeydiyyat 04.05.2017-ci il tarixində başlayıb və 22.05.2017-ci il saat 23:59-dək aparılacaqdır. Bu günədək həm Azərbaycan, həm də rus bölməsi ilə birgə 32722 abituriyent elektron ərizələrini təsdiq etmişdir. Elektron ərizələrini təsdiq edənlər müvafiq olaraq aşağıdakı kimi qruplaşır:

Azərbaycan bölməsi I qrup: 10730,  II qrup: 8430,  III qrup: 8105,  IV qrup: 2208,

Rus bölməsi I qrup: 1108 II qrup: 1148 III qrup: 687 IV qrup: 306 Gördüyümüz kimi iştirak edəcək abituriyentlərin sayı çoxluq təşkil edir. Nəzərə alsaq ki, hələ ərizə qəbulunun başa çatmasına 5 gün qalıb, deməli,  vaxt başa çatanadək ərizələrini təsdiq edənlər daha da artacaq. Bütün bu rəqəmlər onu deməyə əsas verir ki, 2017/2018 ali məktəblərə qəbul imtahanında istər müsabiqə, istərsə də ixtisas seçimi mərhələsi gərgin olacaq. Çünki yay qəbul imtahanına girəcək abituriyentlər ilk imtahanda buraxdıqları səhvləri aradan qaldırmaqla daha da yüksək bal toplayacaqlar. Bu isə ixtisaslar üzrə keçid ballarının qalxmasına rəvac verəcək.


– Elçin müəllim, yay qəbul imtahanlarının və eləcə də V qrup, kollec imtahanlarının vaxtları bəllidirmi?

– I-IV qruplar, eləcə də V qrup üzrə Yay qəbul imtahanlarının vaxtları rəsmi olaraq bəlli deyil. Ehtimal olunur ki, I və IV qrup üzrə 16 iyul, II və III qrup üzrə isə 23 iyulda Yay qəbul imtahanları keçiriləcəkdir. Amma bu ehtimaldır. Vaxtlarda, həmçinin qrupların tarixlərinə görə yerdəyişməsi mümkündür. V qruplar və kolleclərə qəbul imtahanlarının vaxtları isə müvafiq olar belədir. 10.07.2017-ci il tairixinədək-V qrup və 11 illikdən kolleclər üzrə qəbul imtahanı keçiriləcəkdir. İyun ayı-9 illikdən kolleclərə qəbul imtahanının ikinci mərhələsi (cari ilin məzunları üçün), iyul ayı-9 illikdən kolleclərə qəbul imtahanının ikinci mərhələsi (əvvəlki illərin məzunları üçün), iyun ayı-11-lərin (cari il məzunlarının) buraxılış imtahanları keçiriləcəkdir.

Bundan əlavə qeyd edim ki, 07 – 18 iyul- xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə (V qrup) elektron qeydiyyat,

25 iyul – 03 avqust- xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə (V qrup) qabiliyyət imtahanları keçiriləcəkdir. Həmçinin 21 – 24 iyul-Jurnalistika ixtisasını seçən abituriyentlərin qeydiyyatı olacaq. İyulun sonu-Avqustun əvvəli isə ixtisas seçimi mərhələsi olacaq.

– Sonda bütün abituriyentlərə nələri tövsiyyə edərdiniz?

– Bütün abituriyentlərə imtahanlarına qədərki dövrü daha da ciddi hazırlaşmağı, “Abituriyent 1” jurnalında qeyd olunan proqram və mövzulara baxmağı, həyəcandan uzaq olmağı tövsiyyə edirəm. Həmçinin demək istəyirəm ki, yay qəbul imtahanları da yaz qəbul imtahanları ilə eyni səviyyədə olacaqdır. Sadəcə fərq yay qəbul imtahan suallarının bütün proqramı əhatə etməsi olacaq. Nəhayət, bütün abituriyentlərə uğurlar arzu edirəm.