YAXŞI OĞLAN ŞORTİK GEYİNMƏZ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

...Etiraf edim ki, gəncliyimdə avropa şortikgeyənlərinin təsirinə düşərək mən də bir dəfə şortik geyinmişəm.  

...Etiraf edim ki, gəncliyimdə avropa şortikgeyənlərinin təsirinə düşərək mən də bir dəfə şortik geyinmişəm. 

Amma peşmanam. Başıma gələnləri sizinlə bölüşüm ki, nəticə çıxarasınız. Bu xalqın adət-ənənələri, mentaliteti sizin üçün oyun-oyuncaq deyil.

Günlərin bir günü avropalı əxlaqsızların təsirinə düşüb mən də şortikdə şəhərə çıxdım. “Sahil” metrosundan çıxıb dənizə doğru addımlayırdım. Yanımda bir neçə intellektual, qərbmeylli, şortikli, uzunsaç dostum vardı. Bir qız maşınla yanımızdan keçərkən bizə söz atdı.

Utanıb şortikimi dartışdırdım, eynəyimi düzəltdim. Dostlarım pərt oldular. Gördük, əl çəkmir. Cəsarət edib qabağa durdum:

“Bacı, nə istəyirsən məndən? Get atana, qardaşına söz at”.

Əl çəkmədi. Yenə bizə söz atdı. Düz gözümün içinə baxıb qayıtdı ki, “Ayağının tükləri çox cazibədardır, gəl səni maşınla gəzdirim”.

Dözə bilmədim. Bu yaşıma çatmışam, hələ heç bir qadın, heç bir qız mənə söz atmayıb.

Yanımdakı dostum tez bacısının rəfiqələrinə zəng elədi. İki maşın gəlib töküldülər bulvara. Qız başladı xırdalamağa ki, “yaxşı qızın qardaşı şortik geyinməz, sinəsinin tükləri görünməz, krossovkayla ağ corab abırsız görsənir və s.” Dostumun bacısının rəfiqələri də ponyatkalı qızlardı. Söhbəti fırladıb, qızı səhv çıxardılar. Qız məndən də, dostlarımdan da üzr istədi.

Xanım gördü ki, işlər fırıqdır, üzr istəyib aradan çıxmaq istədi. Yapışdım yaxasından, səsimi atdım başıma. Dedim “səni tutduracam, həyasız”. Yalvardı ki, “ərim var, uşağım var. Qaynanam eşitsə, üzümə tüpürəcək”. Ürəyim dözmədi. Dedi, sən də mənim qardaşım, bir də belə eləmərəm.

Bu vaxt qeyrətli, milli mentalitetli bir dəstə fəal bizə yaxınlaşdı. Onlar bizə ciddi xəbərdarlıq etdilər və başa saldılar ki, şortik geyinəndə camaatın anasını-bacısını, qız-gəlinini düşünmək lazımdır. Hərəmizə bir ədəd şalvar verib, bizi abıra saldılar…

O hadisədən sonra başa düşdüm ki, qərbə aldanıb, pozucu qüvvələrə etibar edib şortik geyinmək olmaz.

Sizdən də xahiş edirəm ki, yad təsirə düşüb şortik geyinməyəsiniz! Yaxşı oğlan bədənini göstərməz!

CƏLİL CAVANŞİR