Məcburi köçkünlərin kommunal xərci ilə bağlı limit ləğv edilib.
Məcburi köçkünlərin kommunal xərci ilə bağlı limit ləğv edilib.
Əvəzində məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinət veriləcək.
Bununla bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti məcburi köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasını qısa müddətdə təmin edilməsi tapşırılıb.
Məcburi köçkünlərin məskunlaşdığı fərdi evlərdə sayğaclaşma prosesinin həyata keçirilməsində heç bir problem yoxdur. Lakin nəzərə almaq lazımdır ki, məcburi köçkünlərin bir qismi yataqxanalarda yerləşib. Onlar vahid qaz, su xəttindən istifadə edirlər. Bəs məktəb, bağça, yataqxanalarda sayğaclaşma prosesi necə həyata keçiriləcək?
“Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev Publika.az-a açıqlamasında məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin yaşayış yerlərində qaz sayğaclarının quraşdırılmasına yaxın zamanlarda başlanılacağını deyib: “Yataqxana, məktəb, bağça kimi müəssisələrdə yaşayan hər bir məcburi köçkün ailəsinin mənzilinə sayğac quraşdırılacaq. Vətəndaşlar istifadə etdikləri təbii qaza görə ödəniş edəcəklər. Artıq işlərə yaxın zamanlarda başlanılacaq. Müəyyən edilmiş vaxtda isə proses başa çatdırılacaq”.
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, fərmandan irəli gələn tapşırığa uyğun olaraq əməkdaşlarımız hər bir məcburi köçkün ailəsinin məskunlaşdığı mənzildə sayğac quraşdırılmasını həyata keçirəcəklər: “Kompakt halda, məktəb, bağça və yataqxanalarda yaşayan məcburi köçkünlərin vahid su xəttindən istifadəsi də nəzərə alınacaq.
Bu vaxta qədər yataqxanalarda, bağçalarda digər rayonlardan olan insanlar da yaşayır. Həmin mənzillərin də sayğaclaşması həyata keçiriləcək. Biz bu binalarda yaşayan hər bir abonentin sayğaclaşmasının tərəfdarıyıq. Bununla da ödənişdən yayınanlarla bağlı problem həllini tapacaq. Sayğac vətəndaşa öz sərfiyyatına qənaət etməyə imkan verəcək. Sayğac quraşdırılandan sonra israfçılığın da qarşısı alınacaq”.
TİA.AZ