Yeni Yasamal ərazisində yerləşən 286 nömrəli məktəbin yolu hissə-hissə ayrı-ayrı şəxslərə satılaraq zəbt edilməsi haqlı narazılıq yaradıb. Sakinlər bildirirlər ki, məktəbə gedən yeganə yol hasarlanır və satılır.
Tribunainfo.az xəbər verir ki, sosial şəbəkədə məsələ ilə bağlı paylaşım edən jurnalist Fimar Asimqızı yazır ki, zəbt edilərək hissə-hissə satılan ərazi məktib yoludur:
“Bu yol məktəb yoludur. Yeni Yasamalda 286 saylı məktəbin ara yolu doğranıb, satılıb. Hər yeni ev tikən addım-addım yolu zəbt edir. Tezliklə yüzlərlə insanın məktəb yolu da bağlanacaq”.
Şikayətçilər deyirlər ki, mütəmadi olaraq iş aparılan, zəbt edilən bu ərazidən Yasamal rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xəbəri yoxdu.
Hazırda həmin yolda piyada hərəkəti çətinləşib, yeni binaların hasarları məktəbə gedən istiqaməti daraldıb. Sakinlər vəziyyətin kritik həddə çatdığını, yeni dərs ilində məktəbə gedən uşaqlar üçün ciddi təhlükə yaranacağını deyirlər.
Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.
Gülşən Rəsul