Bir neçə ay əvvəl Yasamalda, keçmiş “Azon” zavodunun ərazisində ağacları kəsərək yeni yaşayış binası tikməyə hazırlaşan “Avant” şirkətinin hər gün bizə yaşatdığı bu səs-küyə, toz-torpağa “dur” deyən yoxdur. Bu videonu pəncərədən çəkmişəm. Təsəvvür edin, bu qədər yaxınımızda bu qədər səs və toz-torpaq. Səhər saat 08:30-dan 18:00-dək sökürlər, qazırlar, saat 22:00-dan səhər saat 05:00-dək də yük maşınları ilə daşıyırlar.
Tribunainfo.az xəbər verir ki, bu sözləri Feysbuk hesabında İctimai Televiziyanın aparıcısı Nigar Sabirqızı yazıb. O bildirib ki, ağacları kəsdilər, indi də sakinlərin nəfəsini kəsirlər:
“Müvafiq qurumlara bir neçə sualım var.
Hörmətli Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yaşayış binasının sadəcə 5–10 metrliyində yeni bina tikməyə icazə varmı? Bu, şəhərsalma qaydalarına uyğundurmu? Yoxsa sadəcə bu tikintiyə göz yumursunuz? Bu tikintiyə icazə verəndə ətrafda yaşayanları niyə nəzərə almamısınız?
Hörmətli Ekologiya və Təbii Sərvətlər Nazirliyi, biz nə vaxta qədər belə toz-torpağı udmalı və bu səs-küydə yaşamalıyıq? Heç olmasa gecə rahat yatmağımıza imkan yaradasınız bəlkə?
Ağacları kəsdilər, indi də bizim nəfəsimizi kəsirlər axı. Sözünüz bu şirkətə keçmirsə, heç olmasa xahiş edin ki, havamızı bu qədər çirkləndirməsinlər.
Hörmətli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, gecə insanların narahatlığına səbəb olan hallara nəzarət olunurmu?3 Olunursa, biz niyə aylardır gecə pəncərəmizi aça bilmirik? Səhərə qədər yük maşınlarına nəsə doldurulur, boşaldılır. Kim düşünməlidir ki, belə səs-küydə yaşamaq necə işgəncədir? Bizim rahatlığımızı kim təmin etməlidir? Bəlkə bu binada yaşayanlar sakin deyil?
Bu sualım bütün müvafiq qurumlaradır. Tədbir görülməməsinə səbəb nədir? Şirkətin hər hansı yox, məhz “Avant” olması?
Ümid edirəm, verdiyim suallara cavabları var. Bu ölkə yalnız kimlərinsə yox, hamımızındır. Kimsə bina tikib pul qazanacaq deyə, başqaları əziyyət çəkməli deyil. Bir az vicdan.”
Jurnalistin haqlı etirazına Daxili İşlər Nazirliyi səssiz qalmayıb. DİN-dən bildirilib ki, Şərifzadə küçəsi 241 ünvanında ağacların kökündən çıxarılaraq yararsız hala salınması faktı ilə əlaqədar cinayət işi başlanılıb:
“DİN-ə təşəkkür edirəm. Lakin məsələ burasındadır ki, həmin ərazidə ağacların kəsilməsi faktı ilə bağlı hələ aprel ayında Azərbaycan Respublikasının Baş Prokurorluğunda da cinayət işi açılıb. Nəticə barədə məlumat yoxdur. Hər halda “Avant” vaxtında sərt cəzalandırılsaydı, indi istədiyini etməzdi. Əgər “Avant” cənab Prezidentin ağacların kəsilməsini qadağan etdiyini bilə-bilə ağacları kəsibsə, deməli nəyəsə və ya kiməsə güvənərək cəzalandırılmayacağını da bilib.
Bizi narahat edən digər əsas məsələ havanın çirkləndirilməsi və gecədən səhərə qədər yaradılan səs-küydür. Bilmirəm, buna qarşı tədbir görüləcək, yoxsa yox? Hər bir halda məsələyə yalnız DİN reaksiya verib.
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi susmağı seçir. Yəqin, cavabı özləri də bilmirlər. Ya da bildikləri cavabı açıqlaya bilmirlər”.