Azərbaycanda bəzi rayonlarda ağsaqqalların təşəbbüsü ilə yas mərasimlərində ehsan verilməsi ənənəsinin ləğvi tətbiq olunur. Bunun əvəzinə pul ödənilməsi praktikasına üstünlük verilir. Bu dəyişiklik nəticəsində mərasimlərdə iştirakçıların sayı azalıb və ehsan xərclərinin qarşısı alınıb.
Ehsan ənənəsinin ləğvi iqtisadi baxımdan hansı müsbət və mənfi təsirlərə malikdir?
Bu qərar ailələrin maliyyə yükünü yüngülləşdirirmi?
Sosial münasibətlərə, yas mərasimlərinin mahiyyətinə hansı təsirləri ola bilər?
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən İqtisad Elmləri üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, ehsan ənənəsinin ləğvi bir növ ölü sahibinin iqtisadi yükünü azaldıb.
G. Hüseynovanın sözlərinə görə, həqiqətən imkansız, kasıb adamlar var ki, ya nisyə götürürdülər, ya borc alırdılar. Ölü sahibinin azyaşlı övladları var idisə, bu vəziyyət daha da çıxılmaz olurdu.
“Bundan əlavə,yas məclisləri “qonşudan geri qalma” prinsipinə əsasən dəbdəbəli keçirilirdi, şənlik məclisindən seçilmirdi. Ona görə də bu cür məclislərin yığışdırılması həm iqtisadi həm sosial baxımdan məqsədə uyğundur. Sadə çay və halva süfrəsi xərcləri olduqca azaltmış olur.
Məsələnin mənfi tərəfinə qaldıqda isə bu sahədən pul qazanan insanların işsizliyə düçar olması ilə əlaqədardır. Çünki burada heyvandarlıqla məşğul olan da mərasim evləri də kirayə çadır, qab-qacaq verən də aşbaz, qabyuyan, ofisiant, çay qaynadıb qulluq edən, mərasim evinin xadiməsinə qədər müəyyən məvacib qazanırdı. Hal-hazırda ehsanın ləğv olunması bu sahədə ixtisarlara yol açır.
Qərarın ailənin yükünü yüngülləşdirməsinə qaldıqda isə bəli, təbii ki, bu anlaşılandır. Həmçinin şəxsin vəfatı ilə bağlı dövlət tərəfindən ailəyə müəyyən miqdar ödəniş də olur. Əgər azyaşlı övladı varsa 18 yaşadək, ali təhsil aldığı təqdirdə, 23 yaşadək müavinət ala bilər.
Sosial münasibətlərə, yaş mərasimlərinin mahiyyətinə qaldıqda, qərarın hər hansısa bir əks təsiri yoxdur. Əksinə, aşağı imkanlı təbəqə üçün daha da uyğundur. Hətta düşünürəm ki, həmin məclisdən pul yığılma məsələsinə də qadağa qoyulmalıdır. Əgər azyaşlı övladları varsa, ailəyə ölənin pensiya kapitalından bir dəfəlik ödəniş edilsin.
Sosial şəbəkələrdə bəzən əsassız fikirlərlə video material yayılır. Ehsan qadağan olunub deyə, yas yerinə gələn iştirakçı sayı azdır. Bu tamamilə absurd fikirdir. Ölkəmizin çox illik adət-ənənəsi var. Əgər ölən şəxsin özü sağlığında və ya onun yaxını kiminsə yas məclisinə getməyibsə onun da məclisinə gələn olmayacaq. Yəni, video material yayıb çaşqınlıq yaratmaq və ya cəmiyyətdə nifrət tipli fikirlər oyandırmaq düzgün deyil”.
Dəniz Pənahova