Azərbaycanda təxminən yarım milyona yaxın ev sənədsizdir. Problemin səbəblərindən biri belə evlərin yaşayış məntəqəsi yox, digər təyinatlı torpaqlarda tikilməsidir.
Tribunainfo.az xəbər verir ki, daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov “Xəzər Xəbər”ə bildirib ki, bələdiyyə sənədilə torpaqların, evlərin alqı-satqısında yaranan problemlər olduqca çoxdur.
Belə ki, Bələdiyyə sənədləri heç bir qurum tərəfindən rəsmi sənəd olaraq qəbul edilmir.
Ekspert deyib ki, bələdiyyə torpaqlarının çoxu fərdi yaşayış evlərinin tikilməsi üçün uyğun deyil. Amma vətəndaşlar bunu bilməyərəkdən həmin torpaqları alıb, evlər tikirlər. Bu isə sənədsiz evlərin sayının artmasına səbəb olur.
Millət vəkili Razi Nurullayev isə qeyd edib ki, 2007-ci ilin noyabrnadək satılmış bələdiyyə torpaqlarının qeydiyyata alınmasında heç bir problem yaradıla bilməz. Lakin 2007-ci il dekabrının 1-dən sonra alınan bələdiyyə torpaqlarının qeydiyyatı mümkün deyil.
Deputat həmçinin bildirib ki, yaxın aylarda sənədsiz evlərlə bağlı məsələnin Milli Məclisdə müzakirəyə çıxarılacağı və yeni qərarın qəbul ediləcəyi gözlənilir.