Yardımlı rayonu Bürzünbül kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Cəlil Zabidov rayon üzrə təhsil sektorunun müdiri Kamal Təhməzovu təhsil müəssisəsinin əyani vəsaitlərini mənimsəmədə günahlandırır. O, bildirib ki, K.Təhməzova əyani vəsaitin verilməsi üçün iki ildir müraciət edir. Lakin ona hər dəfə “yox” cavabı verilib.
Tribunainfo.az xəbər verir ki, bu barədə müəllim C.Zabidov K.Təhməzovun xidməti otağında çəkdiyi videoda bildirir:
“Emin Əmrullayev görün kimləri sektor müdiri təyin edib. Ölkənin təhsili görün kimlərin əlindədir. Mən iki ildir Kamal Təhməzovdan əyani vəsaiti ala bilmirəm. Hər dəfə aldadırlar. Yoxdur deyirlər. Nazirlikdən rəsmi cavab verilib ki, 10 ildir əyani vəsait verilmir. Verilmirsə, bəs dövlət büdcəsindən ayrılan vəsait hara gedir? Kamal Təhməzov odunu satıb yeyir, məktəbin əyani vəsaitini satıb yeyir. Biz burada 10 ilin kitablarıyla dərs keçirik. İki il ərzində dəfələrlə müraciət etmişəm, Kamal Təhməzovu məktəbə də dəvət etmişəm, bir dəfə gəlib baxmamısız problemə”.
Lənkəran-Astara Regional Təhsil İdarəsi müəllim Cəlil Zabidovla Yardımlı rayonu üzrə təhsil sektorunun müdiri Kamal Təhməzov arasında yaşanmış problemlə bağlı rəsmi açıqlama yayıb. Rəsmi cavabda bildirilib ki, araşdırma aparılır:
“07 oktyabr 2024-cü il tarixində Yardımlı rayonu üzrə təhsil sektorunun müdiri Kamal Təhməzovun xidməti otağına daxil olaraq onun icazəsi olmadan videoçəkiliş aparılıb. Təəssüf hissi ilə bildiririk ki, qeyd olunan hərəkətlərə yol verən şəxs Yardımlı rayon Bürzünbül kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Zabidov Cəlil Famil oğludur.
C.Zabidovun adıçəkilən təhsil müəssisəsində əyani vəsaitlərin verilməməsi ilə bağlı iddialarına cavab olaraq qeyd edək ki, dərslik və metodiki vəsaitlər fiziki tərbiyə fənni üzrə təhsil proqramı (kurikulum) əsasında hazırlanaraq Elm və Təhsil Nazirliyi tərəfindən müəllim və şagirdlər üçün təqdim olunan video.edu.az, trims.edu.az və e-derslik.edu.az platformalarında yerləşdirilir. Məktəbin təmir vəziyyətinə gəldikdə isə, Yardımlı rayon Bürzünbül kənd tam orta məktəbində əsaslı təmir işləri son dəfə cari ilin iyul-avqust aylarında həyata keçirilib. Məktəbin təmirdən sonrakı vəziyyətini əks etdirən şəkilləri təqdim edirik.
Digər iddialarla bağlı araşdırma Agentlik tərəfindən nəzarətə götürülüb, məsələ ilə bağlı eyni zamanda hüquq-mühafizə orqanlarına məlumat verilib, hazırda bu istiqamətdə araşdırma aparılır”.
Tərəfləri dinləməyə hazırıq.
Nigar