Yaponiyada məhkəmənin çıxardığı ölüm hökmü yerinə yetirilib. Bu barədə Kyodo agentliyi məlumatlı mənbələrə istinadla xəbər verir.
Tribunainfo.az xəbər verir ki, məlumata görə, edam edilən şəxs – yerli sakin Takahiro Şiraishi, doqquz nəfəri qətlə yetirib və cəsədlərini parçalayıb. Cinayətlərə görə ona ölüm hökmü çıxarılmışdı.
Agentlik xatırladır ki, 2017-ci ilin sentyabr-noyabr aylarında Tokioda bir neçə yerli sakin yoxa çıxmışdı. Cinayətkar təsadüfən ifşa olunub: itkin düşmüş bir qızın qardaşı onun sosial şəbəkə hesablarına daxil olaraq bir kişi ilə yazışmasını görüb və həmin şəxs sonradan qatil kimi müəyyənləşdirilib.
Polis Şiraishinin mənzilində apardığı axtarış zamanı daha səkkiz nəfərə aid başlar və bədən hissələri aşkar edib.
Qeyd edək ki, bu, Yaponiyada 2022-ci ildən sonra ilk edam hadisəsidir.
İmran Kərimli