Yaponiya Rusiyaya məxsus dörd adanı Kurilin cənubu hesab etmir

Yaponiya Rusiyaya məxsus dörd adanı Kurilin cənubu hesab etmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya Kuril adalarına iddialı deyil, lakin Kunaşir, İturup, Şikotan və Habomai silsiləsini arxipelaqın davamı hesab etmir.

TİA.AZ Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, Baş nazir Şinzo Abe bu barədə Kommunist Partiyasının sədri Kazuo Şiinin parlamentin aşağı palatasında çıxışını şərh edərkən bəyan edib.

Ş.Abe deyib: “Şimal torpaqları” bizim suverenitetimizin tətbiq edildiyi adalardır. Bu mövqeyimizdə heç bir dəyişiklik yoxdur”.

Eyni zamanda, Baş nazir əlavə edib ki, Yaponiya 1951-ci ildə imzalanmış San-Fransisko sülh müqaviləsinə əsasən Kuril adalarından imtina edib və buna görə də onların qaytarılmasını tələb etmir.

Rusiya ilə sülh müqaviləsinin imzalanması perspektivinə toxunan Ş.Abe qeyd edib ki, müzakirələrdə ərazi mübahisəsinin həlli Yaponiya üçün əsas bənd olaraq qalır.

“Danışıqların predmeti bu dörd adanın mənsubiyyətinin həllidir və hökumətin mövqeyi bu məsələdə dəyişməzdir”, – deyə Baş nazir vurğulayıb.

Parlamentdə çıxış edən Ş.Abe qətiyyətlə bildirib ki, hər iki ölkə qarşılıqlı inamı və dostluğu möhkəmləndirməkdə davam edərək sülh müqaviləsinin bağlanması ilə əlaqədar danışıqlarda hamını qane edən qərarı axtarmaqda davam edəcək.

Xatırladaq ki, Yaponiya və Rusiya arasında uzun illərdir ki, sülh müqaviləsi yoxdur. Tokio iki ölkə arasında 1855-ci ildə imzalanmış ticarət və sərhədlər haqqında müqaviləyə əsasən, Kunaşir, İturup, Şikotan və Habomai silsiləsinə iddia edir.

Moskvanın mövqeyinə görə isə həmin adalar II Dünya müharibəsinin nəticəsi olaraq SSRİ-nin tərkibinə daxil edilib və Rusiyanın bu adalar üzərində suvereniteti şübhə doğurmur.