“YAP-da təmsil olunmaq bir şərəf məsələsidir…” — Çingiz Qənizadə ilə MÜSAHİBƏbackend

“YAP-da təmsil olunmaq bir şərəf məsələsidir…” — Çingiz Qənizadə ilə MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

entyabrın 1-də Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı hazırlıq prosesinə start verilib. Ölkədə seçki həyəcanı yaşanmaqdadır. Seçki prosesində özünü sınmaq istəyən  siyasi qüvvələr və bitərəflər seçkiyə ciddi hazırlaşırlar.

Demokrat.az olaraq ölkədəki seçkiöncəsi ictimai-siyasi prosesləri və seçkiyə hazırlıq  məsələlərini redaksiyamızın qonağı IV və V çağırış Milli Məclisin deputatı, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə ilə dəyərləndirdik.

— Çingiz bəy, biz əsasən deputat səlahiyyəti bitən şəxslərin ya siyasi proseslərdən tam kənarlaşdığının, ya da ölkənin ictimai-siyasi həyatında passiv fəaliyyətini müşahidə edirik. Amma VI çağırış Milli Məclisə seçkilərdə  uğur əldə edib, seçkinin nəticələrinin ləğv olunmasına baxmayaraq, sizin  ötən dövrdə ictimai-siyasi proseslərdə daha aktiv fəaliyyətinizi müşahidə etdik. Ölkə başçısının yürütdüyü siyasi dəsti-xəttin uğur əldə etməsi və bu siyasətin təbliği istiqamətində aktivlik nümayiş etdirdiniz…
Ötən dövrə  nəzər salıb  baş verən prosesləri necə dəyərləndirirsiniz? 

— 2020-ci ilin fevralında keçirilən növbədənkənar parlament seçkilərində mən müəyyən səbəblərdən uğur qazana bilməməyimdən parlamentdə təmsil oluna bilmədim. Amma bu o demək deyil ki, mən ancaq deputat dövründə aktiv siyasi fəaliyyətlə məşğul olmalıyam. Mən 1990-cı illərin əvvəlində Azərbaycanda Milli Azadlıq Hərəkatında aktiv iştirak edib müstəqilliyimizin yenidən bərpa olunmasındakı prosesdə öncüllərindən biri olmuşam.

1991-ci ildə müstəqilliyimiz bərpa edilkdən sonra isə dövlətçiliyimizin  möhkəmlənib geriyədönməz xarakter almasında, inkişaf edib möhkəmlənməsi prosesində də aktiv iştirak etmişəm.

Mən eyni zamanda bu müddət ərzində ölkədə fəal hüquq müdafiəçilərindən biri olmuşam. Bu gün də ölkədəki ictimai-siyasi proseslərdə iştirak edib baş verən proseslərə öz mövqeyimi sərgiləməklə məşğulam. Müzəffər Ali Baş Komandanın liderliyi altında üzərimizə düşən vəzifələri  bacardığımız qədər yerinə yetirməyə və  onun yürütdüyü siyasətin uğur əldə etməsinə öz töhfəmizi verməyə, əhali arasında ölkə liderinin  xarici və daxili siyasətinin ölkə ictimaiyyətinin məlumatlandırılması istiqamətində əlimizdən gələni etməyə çalışmışıq. Bir sözlə vətəndaş olaraq üzərimizə düşən vəzifəni ləyaqətlə icra etmişəm. Bu müddət ərzində  mediada, telekanallarda saysız-hesabsız müsahibələrimiz, açıqlamalarımız, çıxışlarmız olub.

Hətta, bu müddət ərzində mənə sual verirdilər ki, ötən parlament seçkilərində 40-dək deputat mandatını itirdi və onların demək olar ki, əksəriyyəti siyasi səhnədən geri çəkildilər. Amma onlardan fərqli olaraq siz  daha aktiv fəaliyyət göstərirsiniz…

Bir daha qeyd edirəm ki, mən bir vətəndaşlıq borcumu yerinə yetirmişəm. Digər tərəfdən cənab Prezidentin yürütdüyü siyasətin uğur qazanmasında yaxından iştirak etmək üçün hakim Yeni Azərbaycan Partiyasının sıralarına qatıldım. Deputat dövründəki aktivliyim deputat mandatı ilə bağlı deyildi, bu  aktivlik sadəcə içimdən gəlir.

“Bakıda məni gözügötürməyən qüvvələr deputat seçilməyimə qarşı çıxdılar…”

— YAP-ı seçməyinizin əsas səbəbləri nə idi?

— Hələ İkinci Qarabağ savaşından öncə bəyan etmişdim ki, əgər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğalçı Ermənistan üzərində qələbə çalıb ərazi bütövlüyümüzü təmin edəcəksə, o zaman niyə də həmin partiyada olmayım.

Digər tərəfdən cənab Prezident İlham Əliyevin liderliyi altında xalqın sıx həmrəyliyini, birliyini təmin edib növbəti uğurlar əldə edilməsi məqsədi ilə YAP-ı seçməli oldum. Çünki cənab Prezidentin rəhbərliyi altında davamlı uğurlara, qələbələrə imza atsaq da, bu qələbələrimizi həzm etməyən yetərincə qüvvələr var və onlar ölkəmizə qarşı  təzyiq və  çirkin informasiya siyasətini həyata keçirməkdədirlər.

İstədim ki, bu prosesdə daha yaxından iştirak edim. Bu səbəblə də 2021-ci ilin fevralında cənab Prezidentə məktubla müraciət etdim və ondan sonra  YAP rəhbərliyinə dəvət olundum. YAP rəhbərliyi də mənim partiyada təmsilçiliyimə müsbət rəy verdi.

2021-ci ilin fevralından da YAP üzvüyəm. Bu mənim bir vətəndaş seçimim idi. Müzəffər Ali Baş Komandanın lideri olduğu partiyada təmsil olunmaq bir şərəf məsələsidir. 2021-ci ilin fevralından etibarən YAP üzvü olaraq aktiv fəaliyyət göstərməkdəyəm.

“Bəzi iş adamları Vilyam Hacıyevin dəstəklədiyi adamın seçilməsi üçün pul xərcləyirdilər…”

— Çingiz bəy, necə oldu ki, VI çağırış zamanı siz “oyundankənar vəziyyət”ə düşüb deputat seçilə bilmədiniz? Deyim ki, passiv idiniz və seçicilərinizlə işləmirdiniz, bu yalan olar. Siz seçicisi ilə ən aktiv işləyən deputatlardan biri idiniz. Digər tərəfdən isə seçki zamanı da ciddi uğrularınız var idi. Bəs, nə oldu? Bu məsələ çoxları üçün  hələ də qaranlıqdır. Bəlkə bu qaranlıqlara aydınlıq gətirəsiniz?

— Əvvəla, Bakıda məni gözügötürməyən müəyyən qüvvələrə var idi  və onlar da deputat seçilməyimə qarşı çıxırdılar. Onlar hər vasitə ilə deputat seçilməməyim üçün əllərindən gələni edirdilər.

Digər tərəfdən hazırda həbsdə olan İmişlinin icra başçısı Vilyam Hacıyevin öz namizədi olduğundan vəzifə səlahiyyətlərindən istifadə etməklə seçki prosesinə müdaxilə edərək həmin namizədin uğur qazanmasına çalışırdı. Bundan əlavə, bəzi iş adamları Vilyam Hacıyevin dəstəklədiyi adamın seçilməsi üçün pul xərcləyirdilər. Seçki prosesində təzyiqlərə baxmayaraq, 11 mindən çox səslə qələbə çaldım.

İkinci şəxslə mənim aramda haradasa 9 min səs fərqi var idi. Bunu görən  rayon rəhbərliyi məntəqələrə seçkinin nəticələrini etibarsız etmək üçün yekun protokollarını korlama yolu seçildi. Nəticədə 19 seçki mənətəqəsinin yekun protokolunu qaraladılar. Sonra bəlli oldu ki, bu göstərişi konkret olaraq icra başçısı olmuş Vilyam Hacıyev verib. Məqsəd məni sıradan çıxarıb 6 aydan sonra  təkrar seçkilər keçirib istədiyi adamın deputat seçilməsinə nail olmaq idi. Lakin o da istəyinə nail ola bilmədi.

“Qarayaxma işləri ilə məşğul olmaq üçün 5-10 jurnalisti maliyyələşdirib göndərmişdilər…”

— Dediniz ki, Bakıda müəyyən qüvvələr olub. Bilmək olarmı ki, onlar kim idi…

– İstəmirəm ki, konkret ad çəkim… Mənə mane olmaq üçün öyrədilib ora göndərilmiş namizədlər var idi. Onlar qələbə çala bilməyəcəyini bilirdilər. Ancaq işləri mənin seçki kampaniyama mane olub, qarayaxma işləri ilə məşğul olmaq idi. Hətta, 5-10 jurnalisti maliyyələşdirib göndərmişdilər. Onlar açıq deyirdilər ki,  işimiz ancaq sizin seçkinizə mane olmaqdır. Onlar güclü olmasalar da, ürək bulandıran məsələ idi. Amma deputat olduğum müddətdə seçicilərlə sıx təmasda olduğumdan onların oyunları pozuldu. Seçici məni seçdi. Səsi parçalaya bilməyənlər sonda yekun protokolları etibarsız etmək yolunu seçdilər. Bax belə… Amma hər şey geridə qalıb.

— Deputat olmasanız da, vaxtı ilə təmsil olunduğunuz seçki dairəsindən olan seçicilərin hələ də sizə müraciət edildiyi deyilir. Onlara bir vətəndaş olaraq dəstək verməkdəsiniz. Bu məlumatlar nə qədər həqiqətdir?

— Mən deputat olmasam da, həm bir insan hüquq müdafiəçisi, həm də aktiv  siyasi fəaliyyət göstərdiyimdən vətəndaşlar müəyyən problemləri ilə bağlı müraciətlər edirlər. Maksimum dərəcədə onlara dəstək olmağa çalışıram.

“Dedim ki, YAP-ın qərarı olmadan namizədliyimi irəli sürə bilmərəm…”

— Seçkidə iştirak etmək niyyətiniz varmı?

— Deyim ki, bununla bağlı  digərləri tərəfindən mənə bir çox zənglər olub. Onlar mənim namizədliyimi irəli sürüb-sürməyəcəyimlə bağlı mövqeyimi öyrəniblər. Dedim ki, mən hakim Yeni Azərbaycan Partiyasının üzvüyəm və partiyanın qərarı olmadan namizədliyimi irəli sürə bilmərəm. Bu partiyanın verəcəyi qərardan asılı olan məsələdir.

Fəaliyyət gəldikdə isə son 4,5 ildəki fəaliyyətimlə bağlı arayış partiyaya da təqdim olunub. Ümid edərim ki, bu fəaliyyətimə partiyada da müsbət qiymət veriləcək. Misal olaraq deyim ki, son 4,5 ildə mənim telekanallarda 659, radiolarda 61, rəsmi mətbuatda 437, digər KİV-lərdə isə 3400 dəfə çıxışlarım, müsahibələrim, açıqlamalarım olub. Mediyaya bu açıqlamalarımda ölkə başçısının yürütdüyü siyasəti hüquqi cəhətdən əsaslandırılıb.

Bir daha qeyd edirəm ki, bu partiyanın qərarından asılı olan məsələdir. Olmasa belə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sıravi əsgəri olaraq aktiv fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik.

— Çingiz bəy, indiyədək olan əməyinizə cənab Prezident tərəfindən yüksək qiymət verilərək “Şöhrət” ordeni və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə ali mükafatlara layiq görülmüsünüz…

— Bəli. Fəaliyyətimə verilən qiymətə görə cənab Prezidentdə sonsuz təşəkkürümü bildirirəm. 2017-ci ildə Azərbaycan Prezidenti tərəfindən  ictimai-siyasi fəaliyyətimə görə, “Şöhrət” ordeni ilə təltif olunmuşam.   2024-cü ilin aprelində isə Prezidentin imzası ilə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif olunmuşam. Təbii ki, bütün bunlar mənim  fəaliyyətimə verilən yüksək qiymətdir. Partiya bundan sonra mənə hansı tapşırığı verəcəksə, onu canla-başla icra edəcəm.

“Özləri başa düşməlidirlər ki, onlar parlamentə artıq yükdürlər…”

— Çingiz bəy, son çağırışda parlamentdə təmsil olunan elə deputatlar var idi ki, onlar çox passiv olublar, ümumiyyətlə fəallıqları olmayıb. Sizin kimi fəal insanların fonunda həmin şəxslərin Milli Məclisdə oturması nə qədər ədalətli idi? 

— Hesab edirəm ki, parlamentdə təmsil olunan hər bir şəxs öz məsuliyyətini dərk etməlidir. Deputat seçilən şəxs aktiv deyilsə, qəbul etdikləri qanunların şərhində fəallıq göstərmirsə və yaxud bunu bacarmırsa, onlar öz seçiciləri ilə normal işləyə bilmirlərsə, özləri başa düşməlidirlər ki, parlamentə artıq yükdürlər. Zənnimcə, hər bir seçilən deputat fəal olmalıdır.

— Çingiz bəy, 1 sentyabr növbədənkənar parlament seçkiləri elan edilib. Bəs seçkiöncəsi vəziyyəti necə dəyərləndirirsiniz?

— Ölkədə COP29 kimi beynəlxalq səviyyəli tədbirin keçirilməsi ilə əlaqədar olaraq seçkinin vaxtından əvvələ çəkilməsi gözlənilən idi. Artıq seçki prosesinəə start verilib və partiyalarda hazırlıq işlərinə başlanılıb. Yeni Azərbaycan  Partiyasında da hazırlıq işləri gedir. YAP sədrinin müavini Tahir Budaqov da bildirib ki, İdarə Heyətinin yaxın günlərdə keçiriləcək iclasında da namizədlərin irəli sürülmə prosesi müzakirə olunacaq. Mənim adım siyahıda olacaq-olmayacaq, bu partiyanın səlahiyyətinə aid olan məsələdir.

Bütövlükdə, seçki prosesini çox normal qiymətləndirirəm. Bu gün beynəlxalq aləmdə baş verən mürəkkəb geosiyasi proseslər və kataklizmlər fonunda Azərbaycan Cənubi Qafqazda “sabitlik adası” kimi tanınır. Bu da ölkədə istənilən seçki prosesini normal şəkildə keçirməyə imkan verir. İctimai-siyasi sabitlik olan məkanda hansı seçkini və ya siyasi tədbiri desən keçirmək olar.

— Amma hələdə Azərbaycanın uğurlarını həzm edə bilməyən xarici güclər və onların daxildəki uzantıları növbədənkənar seçkilərə kölgə salmaq istiqamətində səylərinin şahidi olururq. Bu barədə fikiriləriniz maraqlıdır…

— Çox təəsüflər olsun ki, beynəlxalq təşkilatlar üzərlərinə düşən missiyanı yerinə yetrimədiklərindən nüfuzlarını itiriblər. Bunun nəticəsində də funksiyalarından kənara çıxmanın və lobbilərin təsiri altına düşüb korrupsiyaya uğradıqlarının şahidi olmaqdayıq. Bu gün çox təəssüflər olsun ki, xüsusən də Avropa strukturlarının Azərbaycana qarşı qərəzli mövqe sərgiləməsini müşahidə etməkdəyik. Amma o da təəssüf olsun ki, xaricdə yaşayan bəzi azərbaycanlılar da bu oyunda anti-Azərbaycan güclərin əlində alətə çevrilərək, onlara dəstək verirlər. Baş verən hadisələrə hansısa siyasi çalar axtarmağa və ictimai rəyi çaşdırmağa çalışırlar. Amma heç kim onların dediyinə inanmır. Onların cəhdlərə hər zaman olduğu kimi, bu dəfə də iflasa uğrayacaq.

“Azərbaycan ərazisində hər hansı xarici ölkənin hərbi kontingentinin olmaması Prezident İlham Əliyevin gücünün göstəricisidir…”

— Çingiz bəy, Azərbaycan regionda ərazisində hər hansı xarici hərbi güc olmayan yeganə ölkədir. Sizə elə gəlmirmi ki, Azərbayacana qarşı təzyiqlərin əsas səbəblərindən biri məhz bununla bağlıdır?

— Bəli, 2020-ci il 10 noyabrda imzalanan üçtərəfli birgə bəyanatdan sonra bölgəyə Rusiyanın “sülhməramlı” adı altında hərbi qüvvələri yerləşdi. Rusiyanın “sülhməramlı” adı altındakı qüvvələrə bölgədə olduğu müddətdə ermənilərə yetərincə dəstək verdilər. Əslində, onları “sülhməramlı” adlandırmaq olmaz. Cənab Prezidentin beynəlxalq aləmdəki nüfuzu, Rusiya lideri ilə şəxsi münasibətləri imkan verdi ki, onlar sakitcə Azərbaycan ərazilərini tərk etsinlər. Məhz cənab Prezidentin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan ərazisində hər hansı xarici ölkənin hərbi kontingent yoxdur. Bu, Azərbaycanın və ölkəmizə liderlik edən cənab Prezident İlham Əliyevin gücünün göstəricisidir. Ümid edirəm ki,  Azərbaycanda bir daha xarici hərbi kontingent olmayacaq.

“Zaman ləngisə də,  Azərbaycanın xeyrinə işləyir…”

— Azərbaycanın Zəngəzur və digər növbəti strateji hədəfləri barədə nə düşünürsünüz?

— Görünən odur ki, Azərbaycan dövləti yenə də öz istəyinə nail olacaq və İrəvanın da Bakının şərtlərini qəbul etməkdən başqa yolu yoxdur.
Azərbaycan Zəngəzur dəhlizi ilə Naxçıvana və Türkiyəyə çıxışı əldə edəcək. Ermənistanın mövcud hakimiyyəti isə bölgədəki proseslərə adekvat reaksiya verə bilmədiyindən sülh prosesi gecikir.

Ümid edərim ki, tezliklə Zəngəzur dəhlizi açılacaq və bizim o yolla rahat gediş-gəlişimiz təmin olunacaq. Zəngəzur dəhlizinin açılmasından eyni zamanda Ermənistan iqtisadiyyatı və əhalisi faydalanacaq. Ermənilər məhz bu dəhliz vasitəsilə dünyaya rahat çıxış əldə edə bilərlər. Amma zaman göstərir ki, ölkəmizə qarşı çirkin kampaniya aparan ölkələr, təşkilatlar nəyəsə nail ola bilməyəcəklərini tədricən anlayırlar və mövqeyimizlə hesablaşmağa başlayıblar. Bunun üçün müəyyən zaman lazım olacaq. Zaman ləngisə də,  Azərbaycanın xeyrinə işləyir.