YAP-çı deputat Vidadi İsgəndərlinin qətlindən danışdıbackend

YAP-çı deputat Vidadi İsgəndərlinin qətlindən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Heç kimə sirr deyil ki, Müzəffər Prezidentimiz cənab İlham Əliyevin formalaşdırdığı yenilməz ordumuz tarixi zəfərlərə imza atdıqdan sonra, yəni ərazi bütövlüyümüz, suverenliyimiz tam və qəti təmin edildikdən sonra ölkəmizə qarşı beynəlxalq anti-Azərbaycan dairələrin təzyiqləri artdı. Bu təzyiqlər bir neçə istiqamətdə həyata keçirilir. Bu hücumlar həm ayrı-ayrı dövlətlərin timsalında, həm də onların əlaltılarına çevrilmiş beynəlxalq qeyri-hökümət təşkilatları tərəfindən koordinasiya olunmuş şəkildə reallaşdırılır. Bu reallıq fonunda Fransada yaşayan Vidadi İsgəndərlinin bıçaqlanması və bunun ətrafında növbəti siyasi ajiotajın yaradılması da eyni mahiyyət, məzmun kəsb edir. Vidadi İsgəndərlini 3 nəfərin qətlə yetirdiyi ilə bağlı informasiyaları mətbuatdan eşitmişik. Fransanın hüquq-mühafizə orqanları bu istiqamətdə iş aparırlar. Azərbaycan dövləti də son dərəcə maraqlıdır ki, cinayətkarlar tapılsın və cəzalandırılsın. Ancaq kimlərsə bu hadisədən Azərbaycana qarşı növbəti şər-böhtan kampaniyası həyata keçirmək üçün istifadə etmək, Azərbaycan hakimiyyətini günahlandırmaq istəyir. Bu cəhdlərin heç bir mənası yoxdur”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, Azərbaycan dövləti çox ciddi işlərlə məşğuldur və qarşısında yeni hədəflər qoyur: “Cənab Prezident İlham Əliyev VII çağırış Milli Məclisin açılışında həmin hədəfləri açıqladı. Çox böyük və stratetji əhəmiyyətli hədəflərdir. Bu, ilk növbədə hərbi gücümüzün daha da artırılması, ölkəmizin hərbi sənaye kompleksinin möhkəmləndirilməsi, Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesinin daha da sürətləndirilməsi ilə bağlı məqamları əks etdirir. Göründüyü kimi, irimiqyaslı məsələlərdir. Belə olan halda Vidadi İsgəndərlinin öldürülməsini Azərbaycan hakimiyyətinin, dövlətinin adına yazmaq koordinasiyalı şəkildə fəaliyyət göstərən mərkəzlərin işidir və onların fəaliyyətinin nəticəsidir. Belə basqılarla, təzyiqlərlə Azərbaycanı tutduğu haqq yolundan heç kim döndərə bilməz. Bizim işimiz haqq işidir və bunun həyata keçirilməsi istiqamətində dövlətimiz çox ciddi addımlar atır”.

E.Nəsirov ayrı-ayrı deputatların Vidadi İsgəndərli və onun kimilərlə bağlı səsləndirdikləri fikirlərə gəlincə, qeyd edib ki, bu təhlil, analiz Azərbaycanı istəməyən qüvvələr tərəfindən düzgün aparılmayıb: “Azərbaycanda heç bir deputat Vidadi İsgəndərli və onun kimi mühacir həyatı yaşayanlara qarşı güc tətbiqi ideyasını ortaya atmayıb, ata da bilməz. Bu, Azərbaycan dövlətinin mahiyyətinə və demokratik inkişaf yoluna ziddir, belə bir şey yoxdur. Azərbaycanda ayrı-ayrı deputatların çıxışlarında belə fikirlər səslənib ki, Azərbaycan hüquqi dövlətdir, biz demokratik inkişaf yolu ilə gedirik, bizim üçün insan haqları, onun şərəf və ləyaqətinin uca tutulması hər şeydən vacibdir. İnsanlarımızın işgüzar nüfuzuna xələl gətirilməsi, şərəf və ləyaqətinin alçaldılması, böhtan atılması Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində öz əksini tapmış məsələlərdir. İstər ölkə daxilində, istərsə də ölkə xaricində olsun, kim bu yolu tutubsa, öz fəaliyyəti ilə vətəndaşlarımıza qarşı qeyri-qanuni davranış ortaya qoyursa, onlar hüquqi müstəvidə cəzalanmalıdırlar. Hüquqdan kənarda heç bir cəzadan söz gedə bilməz. Bu, Azərbaycan dövlətinin prinsipial xəttidir. Parlamentarilərimiz də həmin xətti müdafiə edir və bu istiqamətdə qanunvericilik bazamızı təkmilləşdirirlər. Ayrı-ayrı deputatları ittiham etməyin bir mənası yoxdur. Hamısı cəfəng addımlardır, əsassız davranışdır. Burada üçüncü qüvvələr də rol oynaya bilər. Üçüncü qüvvə hesab edə bilər ki, Vidadi İsgəndərliyə qarşı qətl hadisəsi törədilsə, bu halda Azərbaycan hakimiyyətini ittiham etmək daha asan olacaq. Bu səbəbdən üçüncü qüvvə bu cinayəti törədə bilər. Azərbaycan dövləti son dərəcə maraqlıdır ki, belə cinayətlər baş verməsin. Əks halda onların obyektiv araşdırılması həyata keçirilsin, günahkarlar da cəzalandırılsın”.