backend

“Yanan bina” işi: “Məlum oldu ki, üzlənmə materialları Çindən gətirilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib


Məhkəmədə təqsirləndirilən şəxslər Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyov mühakimə olunurlar.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə cinayət işinin 15-ci cildində Fövqəladə Hallar Nazirliyi əməliyyat-istintaq idarəsinin rəisi Elçin Əsədovun Rüstəm Usubova göndərdiyi məktub elan edilib.

Məktubda bildirilir ki, 2012-ci ilin oktyabr ayında Tibb Universitetinin yeni inşa edilən Cərahiyyə Korpusunda üzlük vurulması zamanı yanğın baş verib və həmin faktla bağlı ilkin araşdırma aparılması nəticəsində cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilib.

Prosesdə Miryusif Mahmudov qısa arayış verib: “Tibb Universitetinin Cərahiyyə Korpusunda baş verən yanğın balaca yanğın deyildi. Üzləmə işi ilə məşğul olan şirkətlərdə, həmçinin bizim şirkətdə güclü yoxlamalar apardılar. FHN bizdən də material nümunələri götürdü. Məlum oldu ki, Cərahiyyə Korpusundakı üzlənmə materialları Çindən gətirilib. Yoxlamalar nəticəsində Çin malının “Q 4” (normal yanan) bizim materialın isə “Q 2” (çətin yanan) olması müəyyən edildi. Əgər həmin vaxt bizim qəliblədiyimiz materiallar pis olsaydı, bizə “dayandırın” əmri verilərdi. Həmin yanğın zamanı xəsarət alan da var idi, dövlətə ciddi ziyan da dəymişdi. Niyə Çin şirkətinin hər hansı bir işçisini, yaxud təsisçilərindən heç kimi bizim istintaq məsuliyyətə cəlb etmədi? Gücümüz çinliyə çatmadı? Və yaxud alkopanla üzlənən hər hansı bir bina yanarsa, Yaponiyadan, ya da ki, Çindən alkopan istehsalçısınımı tutub gətirəcəklər?”

Hakim isə buna cavab olaraq bildirib ki, hazırda Azadlıq prospektində yanan bina ilə bağlı işə baxdıqları üçün digər işlərə qarışmağa səlahiyyətləri yoxdur.

Prosesdə təqsirləndirilən Qəzənfər Novruzovun Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərdiyi məktub da elan edilib. Məktubda üzləmə aparan şirkətin sertifikatının olub-olmaması ilə bağlı araşdırma aparılması MKTB-dən istənilir. Məktub araşdırılıb, sertifikatların mövcud olduğu, onların Q.Novruzova təqdim edildiyi məlum olub.

Q.Novruzovun vəkili Nüşabə Ağayeva müvəkkilinə verilən ittihamlarla razılaşmayıb.

Vəkil İlhamə Həsənova iş materiallarının 10-cu cildində Nərimanov Rayon Polis İdarəsinin istintaq orqanına məktubunun elan olunmasını xahiş edib. Məktub elan olunub. Məktubda qeyd edilib ki, 2015-ci ilin may ayının 16-da (hadisədən 3 gün əvvəl) “Global Construction” şirkətinin təmir etdiyi, Nərimanov rayonunda yerləşən Veteranlar Təşkilatının binasına bitişik tikilidə neftə hopdurulmuş kəndirlər sallamaqla qəsdən yanğın törətmək cəhdi baş verib. Yangın söndürülüb və binaya keçməsinin qarşısı alınıb. Faktla bağlı cinayət işinin istintaqı aparılır.

Müdafiə tərəfinin vəsatəti ilə sədrlik edən hakim iş materiallarında olan “Global Stone” MMC-yə TÜV Avstriya beynəlxalq şirkəti tərəfindən verilmiş sertifikatı elan edib. Sertifikatda qeyd edilib ki, “Global Stone” MMC-nin qəliblədiyi üzlük materialının keyfiyyətinə bu şirkət tərəfindən zəmanət verilir, həmçinin 2012-2013-cü illərdə üzləmə işləri bu şirkətin müşahidəsi və nəzarəti altında həyata keçirilib.

Hakim hadisə baş verən binaya bitişik yanğının başladığı yer kimi ehtimal olunan birmərtəbəli qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Şakir Cabalovun 2015-ci ilin iyun ayında vurduğu teleqramı elan edib. Sənəddən görünür ki, Ş.Cabalov ona məxsus həmin qeyri-yaşayış sahəsinin texnikanın köməyi ilə naməlum şəxslər tərəfindən dağıdıldığından şikayət edir. Məhkəmə prosesi sabah davam edəcək.

pia.az