backend

YALANÇI, MUŞTULUQÇU, ÖLÜ ÇƏRŞƏNBƏSİNDƏN İLAXIR ÇƏRŞƏNBƏYƏ KİMİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Novruz Bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Alimlərin fikrincə bu bayramın tarixi çox qədimdir.  

Novruz Bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Alimlərin fikrincə bu bayramın tarixi çox qədimdir. 

Qədim Vavilonada bu bayram Nisanın (mart, aprel) 21-ci günü qeyd olunurdu və 12 gün davam edirdi. Bununla belə bu 12 günün hər birisinin öz ritualları (mərasim, ayin), öz əyləncələri mövcud idi. İlk yazılı mənbədə qeyd olunur ki, Novruz Bayramı b.e.ə. 505-ci ildə yaranmışdır. 

Novruz bayramı ilə bağlı AMEA-nın Folklor İnstitutunun böyük elmi işçisi Aynur Qəzənfərqızı TİA.AZ-ın həmsöhbəti oldu.

– Aynur xanım, Novruz bayramına kimi 4 çərşənbə qeyd edilir. Amma bəzi regionlarda Yel və Torpaq çərşənbəsi dəyişik düşür. Bəziləri Yel çərşənbəsini 3, bəzi yerlərdə 4-cü çərşənbə kimi qeyd edirlər. 

– Boz ayın çərşənbələrinin əsl sıralamasını müəyyənləşdirmək çətindir. Bəzi bölgələrdə üçüncü çərşənbə Torpaq çərşənbəsi kimi qeyd edilir. Bəzi bölgələrimizdə sonuncu çərşənbə Yel çərşənbəsidir. Həmin bölgələrdə belə inanılır ki, məhz suyun, odun, torpağın isinməsi ilə hava da isinməyə başlayır və özü ilə yazı gətirir. Qərb bölgəmizdə isə birinci çərşənbəni Yalançı çərşənbə adlandırırlar. Digər bölgələrdə isə birinci çərşənbənin Su çərşənbəsi olduğu söylənilir. Alim Güllü Yoloğlu çərşənbələrin yalançı, muştuluqçu (xəbərçi), ölü çərşənbəsi və ilaxır çərşənbə adlandırır, prof. Azad Nəbiyev su, istilik, yel və torpaq, Əzizə Cəfərzadə isə su, od, torpaq və yel kimi sıralandığını yazırlar.

Bu sıralanmada hansı birininsə yanlış olduğu hökmünü vermək çətin olduğu kimi, birinin üzərində də duraraq bu doğrudur demək o qədər çətindir. Diqlektoloqlar, etnoqraflar, folklorçular yaxşı bilirlər ki, eyni məna daşıyan söz ayrı-ayrı bölgələrdə fərqli səsləndirilir, eyni mərasim bir-birindən fərqli qeyd edilir, eyni bayatı, nağıl bir-birindən bir az fərqləndirilir.Çərşənbələrimizin də fərqləndirilməsi bu cür bölgələrdən gəlir. Bir bölgədəki adlandırılma əsas alınaraq, başqa bölgədəkiləri yasaqlamaq mümkünsüzdür.

Azərbaycan coğrafi ərazicə müxtəlif zonalara bölündüyü kimi etnik tərkibi də rəngarəngdir. Türklərin oğuz boyları bölgədə üstünlük təşkil etsə də, qıbçaq, qarluq, bulqar və s. boyların izləri də qalır. Eləcə də talış, tat, ləzgi, avar, saxur, kürd və b. türklərlə birləşərək Azərbaycan xalqını təşkil edir. Bu xalqlardan toplanmış etnoqrafik və folklor materialları da onu göstərir ki, çərşənbələrin adlandırılmasında fərq xalqlara görə deyil, bölgələrə görədir.

Diqqəti çəkən məsələlərdən biri də budur ki, “dörd ünsür” məsələsi Novruzu qeyd edən Mərkəzi Asiya xalqlarında yoxdur. Güll Yoloğlu qeyd edir ki, Qarsda yaşayan Azərbaycan türklərinin folklor örnəklərində fevral ayının 20-də, Kiçik Çillə çıxanda Cəmrə, yəni günəş (od, atəş, isti,) havaya baxır. Havada şaxta olsa da, isinmələr başalyır. Fevralın 27-də isə Cəmrə suya baxır, buzlar əriyir, su isinir, çayların suyu bol olur, ağaclara can verir. Martın 6-da isə Cəmrə torpağa düşür. Torpağın səthindən buğ qalxır, donu açılır, payızdan qalan toxumlar canlanır. Güllü Yoloğlunun gətirdiyi bu misalda onu da görmək mümkündür ki, burda Günəş – istilik ünsürü digər ünsürlərə həyat verir. Yəni ki, Günəş (od) havanı isidir, buzu əridib suya çevirir, torpağı canlandırır.

– Bu gün Torpaq çərşənbəsidir.  Bu çərşənbənin tarixi hardan qaynaqlanır?

– Təbiətin varlığını təşkil edən digər üç ünsür kimi, torpaq da qədim türklərdə müqəddəs sayılmışdır. Qədim Tenqriçilikdə Ötükən əski Türklərin (Göytürk və s.) Torpaq anaya verdikləri adlarından biri idi. Monqollarda Etugen, İtugen, yaxud Odigan şəklindədir. Qədim inanca görə, Torpaq ananın əhval-ruhiyyəsi ağacların vəziyyətindən bəlli olurmuş. Belə ki, əgər ağaclar sağlam və güclüdürsə, meyvəsi boldursa, deməli Torpaq ana insanlardan məmnun qalmışdır və qarşılğını belə qaytarır. Torpaq anaya edilən dua, güclü və böyük bir ağaca yönləndirilir.

Ötükənin əri isə Natıkay və ya Natıqay – Türk və monqol mifologiyasında mövcuddur. Natikay da Torpaq əyəsidir. O, uşaqları, heyvanları və bitkiləri qorumalıdır. Hətta Marko Polo öz “Səyahatnaməsi”ndə onun adını çəkmişdir. Qədim dövrdə Natıkay üçün keçədən və parçadan dua yeri təşkil edilirdi. Kişilər sağ tərəfdə, qadınlar sol tərəfdə, uşaqlar isə onların önündə düzülərdi.

Maraqlıdır ki, Torpaq Türklər arasında ölümlə bağlı ritualları xatırladır. Qapı ağzının (eşik) torpağının bayıra atılmaması, yuxud torpaq yaxud palçıq görməyin ölümə yozulması, ölünün üstünə torpaq atılmasının yas əlaməti sayılması, qarğışlarımızda başa “kül”, “torpaq” ələnməsi və s. inanc, rituallar torpağın “missiyası”ndan xəbər verir. Bəlkə də buna görədir ki, bu gün bəzi bölgələrimizdə üçüncü çərşəndə Torpaq çərşənbəsi olaraq qəbul edilir və Ölü çərşənbəsi adlandırılır. Görünür, məhz bu inanc sisteminin burda yeri vardır.

Torpağın; dini mətnlərdə, mifoloji, dastan və əfsanələrdə su ilə birlikdə varlığı görünən təməl ünsürlər arasında olduğu qəbul edilir. Qida məhsulları məhz torpaq vasitəsilə əldə edildiyindən ana ilə eyniləşdirilmiş və məhz buna görə də Torpaq Ana əyəsi qədim türk inanc sistemində öz yerini tapmışdır.

– Çərşənbələr bölgələrdə necə qeyd olunur?

– Adət üzrə çərşənbə səhər sübh çağı yuxudan oyanıb təmiz suda əl-üzlərini yuyur, sudan içir və evinizin dörd tərəfinə su çiləyirlər. Çərşənbələrin qeyd edilməsində bə bölgələrimiz arasında fərqlilik vardır. Bölgələrimizin bəzilərində yalnız axır çərşənbədə tonqal qalanıb üzərindən atılaraq, arınma-təmizlənmə mərasimi keçirilirsə, bəzi bölgələrimizdə isə dörd çərşənbənin dördündə də tonqal qalanır, od üzərindən atlanılır. Çərşənbələrin hər birinin ayrılıqda yemək menyusu olmasa da həmin axşamın evdə qazan asılması, hər hansı bir xörək bişirilməsi vacib sayılır. Xörək və şirniyyatların çoxçeşidliliyi, mərasimin rəngarəngliyi isə axır çərşənbəyə saxlanılır.

– Hansı xalqlar bu bayramı qeyd edir?

– Novruz bayramı təkcə Azərbaycanımızda deyil, dünyanın müxtəlif yerlərində, fərqli adlarla və bir-birinə oxşar formada qeyd edilir. Günümüzdə Türklərin əksəriyyəti islam inançlı olsa da çuvaşlar, qaqauzlar, tatarların az bir qısmi xristian, karaimlər buddizmin bir qolu olan karaydılar. Sakalar, altaylar, xakaslar və b.şamandırlar.  Sibir türklərini Rusiya işğal altına saldıqdan sonra zorla xristianlaşdırmağa cəhd göstərsə də ona tam nail ola bilmədilər, hələ də şamançılıq-qamçılıq inanclarını qoruyub saxlayırlar. Bütün bunlar onu göstərir ki, hər il gecə ilə gündüzün bərabərləşdiyi, yazın gəlişi müxtəlif din və inanclara tapınan türklər tərəfindən təntənə ilə qeyd edilir.

İlahə