Bəzən insanlar yaddaşının zəiflədiyini hiss edir – informasiyanı uzun müddət ərzində yaddaşında saxlaya bilmir, adi şeyləri unudur və s.
Tribunainfo.az xəbər verir ki, bunun səbəbləri müxtəlif ola bilər:
– kəllə-beyin travması, insult, beyinin onkoloji xəstəlikləri,
– digər orqan və sistemlərin təsirindən beyinin fəaliyyətində pozulmaların inkiaşafı,
– xarici mənfi faktorların təsiri (yuxunun az olması, stress, beyinin həddən artıq yüklənməsi və s.),
– xroniki intoksikasiyalar (spirtli içkilər, siqaret, narkotiklər, bəzi dərman preparatların uzun müddət ərzində qəbulu, ziyanlı istehsalat və s.),
– beyində yaşla əlaqədar dəyişikliklər.
Kəllə-beyin travması yaddaş pozulmasının əsas səbəblərindən biri sayılır. Ağır travma bəzən amneziyaya səbəb olur – insan travma anını, ondan əvvəl və sonra olan hadisələri xatırlaya bilmir. Bəzən ağır travma nəticəsinə insan yaddaşını tam itirə bilər (öz adını, kim olduğunu, harada yaşadığını, ailəsini və s. unudur).
Beyin qan dövranının pozulması da yaddaşın pisləşməsinin səbəblərindən biridir. Beyin qanla kifayət qədər təchiz olunmalıdır. Bu beyinin normal fəaliyyəti üçün (və həmçinin yaddaşın yaxşı olması üçün) çox vacibdir. Ateroskleroz xəstəliyi nəticəsində beyin damarlarının daxilində xolesterin yığılır, damarlar daralır, elastikliyini itirir. Bunun nəticəsində beyində qan dövranı pozulur. Bu isə öz növbəsində beyinin fəaliyyətinə (yaddaş, diqqət, təfəkkür) mənfi təsir edir. Adətən ateroskleroz yaşlı insanlarda inkişaf edir. Lakin hal hazırda həkimlər aterosklerozun xeyli “cavanlaşmasını” müşahidə edirlər.
Şəkərli diabet xəstəliyinin ağır fəsadlarından biri damarların zədələnməsidir – angiopatiya. Bu pozulma zamanı damarların divarları qalınlaşır, kiçik damarlar bağlanır. Nəticədə orqanizmdə (o cümlədən, baş beyində) qan dövranı pozulur.
Meningit (beyin qişalarının iltihabı) və ensefalit (beyin maddəsinin iltihabı) beyinin fəaliyyətinə mənfi təsir edir. Xoşbəxtlikdən, həkimə vaxtında müraciət etdikdə, bu xəstəliklər yaxşı müalicə olunur.
Təəssüf ki, bunu beyinin degenerativ xəstəliklərinə aid etmək mümkün deyil. Belə xəstəliklərin arasında ən tanınmışı – Alsheimer xəstəliyidir. Bu xəstəlikdən əziyyət çəkən insanlarda yaddaş və təfəkkür daim azalır və nəticədə insan yaddaşını tam itirir, özü özünə qulluq edə bilmir. Əksər hallarda bu xəstəlik 70-80 yaşlı insanlarda inkişaf edir. Xəstəlik tədricən və gizli inkişaf edir və onun ilk simptomlarından biri məhz yaddaşın və diqqətin azalması olur. Müalicə olunmadıqda xəstənin vəziyyəti ağırlaşır – o, yaxınlarını tanımır, öz adını, kim olduğunu unudur, çölə çıxanda evə yol tapa bilmir və itir. Belə hesab olunur ki, bu xəstəlik irsən ötürülə bilər. Alsheimer xəstəliyi müalicə olunmur, lakin müalicə xəstəliyin erkən mərhələlərində başladıqda, xəstəliyin daha yüngül keçməsinə nail olmaq mümkündür.
Yaddaşın zəifləməsi hipotireozla (qalxanvari vəzi xəstəliyi) bağlı ola bilər. Bu zaman xəstədə həmçinin bədən çəkisinin “səbəbsiz” artması, depressiya, ödemlər, əzələ zəifliyi, əsəbilik və s. kimi simptomlar inkişaf edir.