Xoşqədəmin verilişində saxta elan məhkəmə predmeti oldu

Xoşqədəmin verilişində saxta elan məhkəmə predmeti oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvarında Səbail Rayon Məhkəməsinə maraqlı müraciət daxil olub. Tribunainfo.az qafqazinfo-ya istinadla xəbər verir ki, məhkəməyə müraciət edən şəxs barəsində Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişində həqiqətə uyğun olmayan məlumatın və itkin düşmədiyi halda axtarılması barədə elanların verildiyini bildirib.

Şabran rayon sakini olan S.M. bildirib ki, barəsindəki yalan məlumatı keçmiş həyat yoldaşı yayıb və boşanmalarına baxmayaraq ondan acıq çıxmaq üçün fotosunu da götürərək verilişə çıxıb.

O, keçmiş arvadı, 1987-ci il təvəllüdlü G.A.-nın Cinayət Məcəlləsinin 147 və 148-ci (Təhqir və böhtan) maddələri ilə xüsusi ittiham qaydasında cəzalandırılmasını xahiş edib:

“Mən onunla əvvəllər ailəli olmuşam, 2019-cu ildə məhkəmə qaydasında rəsmi boşanmışıq, hazırda birgə yaşamırıq, habelə aramızda hər hansı bir formada münasibət yoxdur. Hazırda başqa qadınla 2-ci ailə həyatı qurmuşam. Bundan əsəbiləşən keçmiş həyat yoldaşım məni biabır edib alçaltmaq və bununla da qisas almaq məqsədilə barəmdə guya xəbərsiz itkin düşməyim və valideynlərim tərəfindən axtarılmağım haqqında qərəzli şəkildə “ARB” kanalında məlumat yayıb.

Haqqımda qəsdən şərəf və ləyaqətimi ləkələyən, məni nüfuzdan salan təhqir və böhtan xarakterli yayılan məlumatlar barəsində mənə 2023-cü ilin noyabr ayında televizorda yayımlanan “Səni axtarıram” proqramında aparıcı Xoşqədəm Hidayətqızının “Axtarılır S.M” elanını görən qohumlarım, məni tanıyanlar zəng edərək məlumat verirdilər, bunun nə məsələ olduğunu soruşurdular, mənim barəmdə narahat olurdular.

Bundan sonra telefon nömrəsini tapıb Xoşqədəm Hidayətqızına zəng vurdum. Telefona cavab verən köməkçisi bildirdi ki, bu məlumatı, yəni itkin düşməyim və valideynlərim tərəfindən axtarılmağımı onlara keçmiş həyat yoldaşım deyib. Keçmiş arvadım məkirli və qisasçılıq niyyətini həyata keçirmək məqsədilə belə bir addım atıb. Hazırda axtarılmağım barədə elan həmin verilişin yutub kanalında da qalır və izlənməkdədir. Mənim barəmdə insanlar təhqir və böhtanlar yazırlar”.

Məhkəmənin gedişində S.M. keçmiş arvadının artıq peşman olduğunu, onunla barışdığını bildirib və şikayətini geri götürüb.

Bir neçə gün əvvəl Səbail Rayon Məhkəməsi xüsusi ittiham qaydasındakı şikayət üzrə qərar verib və şikayətin icraata qəbulundan imtina edilib.