“Rusiya Ermənistanda Paşinyanın hakimiyyətə gəlməsinin qarşısını almalıydı. Elə ona görə də, cənub qalamız olan Qarabağı itirdik”.
Tribunainfo.az xəbər verir ki, bu sözlərin müəllifi siyasi müşahidəçi Vladimir Xomyakovdur.
O bildirib ki, Ermənistan öz ərazisini NATO-ya dəvət edəcək. “Çünki onun mövcud olması üçün bu yeganə şansdır”.
Rus şərhçi onu da bildirib ki, Türkiyə Qafqazı əldən verməyəcək. “Türklər də bizim kimi imperiya xalqıdır. Heç nəyi unutmurlar. Onlar üçün Transqafqazı itirmək ABŞ-ın Latın Amerikasını, öz arxa bağçasını itirməsi ilə eynidir ”.
Vladimir Xomyakov bir qədər də irəli gedərək, erməni tərəfinə müəyyən “ideyalar” da verib. “İndiki vəziyyətdə əsas məqsəd ilk növbədə “yumşaq güc”dən istifadə olunmasıdır. Yəni, vəziyyəti içəridən partlatmağa başlamaq lazımdır. Xaricilər bizə hər zaman belə edir. Bizim rıçaqlarımız var. Rusiyada 1,5 milyon azərbaycanlı yaşayır və onlar çox zəngin insanlardır. İranla mümkün qədər sıx əlaqələr qurmaq vacib bir cəhətdir, çünki o, bölgədə türklərə qarşı yeganə əks tərəfdir. Varşava paktının timsalında İranla qarşılıqlı müdafiə haqqında hərbi-siyasi müqavilə bağlamaq lazımdır. Qərbdə Moskva ilə Tehranın müttəfiqliyindən qorxurlar. Və bu barədə Amerikanın nüfuzlu “Foreign Affairs” jurnalının “Putinin Cənubi Qafqazda gizli oyunu” məqaləsində deyilir. Putinin Əliyevlə çoxdankı tanışlığından istifadə edərək, Rusiyanın İrana qurudan çıxışını bərpa etməyə çalışdığı, Moskvanın Ukraynada döyüşən rus qoşunlarının əsas silah tədarükçüsünə çevrilmiş Tehranla birbaşa dəmir yolu əlaqəsi axtardığı deyilir. Məqalədə rus qoşunlarının Ermənistandan çıxarılması Rusiyanın zəifliyinin əlaməti adlandırılsa da, aydınlaşdırılıb ki, Ermənistanın Qərbə üz tutmasını və Gürcüstan ictimaiyyətinin kütləvi müqavimətini həm də zəiflik əlaməti adlandırmaq olar”.
Rus ekspert qeyd edir ki, Rusiyadan İrana dəhliz Ermənistan ərazisinin cənub hissəsindən keçir və Ermənistan tamamilə Rusiyanın enerji resurslarından asılıdır. “Bu, Putinin kozırıdır. Yəni İrəvan Rusiya qazı olmadan heç yerə getməyəcək, əvəzində yerini İrana verəcək. Verməsə, onda… Azərbaycan “dədə-baba yurdu” iddialarından əl çəkməyəcək. Bundan başqa, iyunun 4-də məlum olub ki, Türkiyə BRİKS-ə qoşulmaq istəyir və bu məsələ Rusiyada keçiriləcək görüşdə ölkələrin xarici işlər nazirlikləri səviyyəsində müzakirə olunacaq. Təbii ki, demək olar ki, bütün baş verənlərdən sonra Ərdoğana güvənmək özünə hörmətsizlik etmək deməkdir. Amma biri səndən üz döndərib, digəri dostluq təklif edirsə, o zaman seçim göz qabağındadır. Üstəlik, Türkiyə prezidenti çoxdan başa düşür ki, Qərbin ona ehtiyacı yoxdur və Rusiya ilə dost olmaq hər cəhətdən faydalıdır”.