backend

Xomeynidən Qorbaçova – Şok məktub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1989-cu il yanvarın 1-də İranın Ali dini lideri Ruhulla Xomeyni Sovet lideri, SSRİ Rəyasət Heyətinin sədri Mixail Qorbaçova xüsusi məktub göndərir.  

1989-cu il yanvarın 1-də İranın Ali dini lideri Ruhulla Xomeyni Sovet lideri, SSRİ Rəyasət Heyətinin sədri Mixail Qorbaçova xüsusi məktub göndərir. 

Məktubu Moskvaya ayətullah Cavadi Əmalənin başçılıq etdiyi xüsusi nümayəndə heyəti gətirib çatdırmışdı. Həmin vaxtlar məktubun mətni SRRİ-də rezonans doğurmasa da, məktub SSRİ-nin çöküşünü 2 il öncədən vurğulayırdı.

TİA.AZ modern.az-a istinadən həmin məktubun mətnini ixtisarlarla oxuculara təqdim edir.

“Rəhmli və mərhəmətli Allahın adı ilə

SSRİ Ali Rəyasət Heyətinin sədri, əlahəzrət Mixail Qorbaçov, siz və sizin xalqınıza rifah və xoşbəxtlik arzularımı qəbul edin.

Sizin hakimiyyətə gəlməyinizdən sonra dünyanın, xüsusən SSRİ-nin siyasi hadisələrin analizinə yeni yanaşma hiss olunur. Dünyadakı real siyasi hadisələrə cəsarətli və müdrik yanaşmağınız ümumi situasiyanın dəyişməsi üçün əsas ola bilər. Buna görə də sizin diqqətinizi bəzi məsələlərə yönəltmək istəyirəm.

Ola bilsin ki, sizin düşüncə və fəaliyyət dairəniz partiya daxili çətinlikləri aradan qaldırmaq və sırf sizin xalqın problemlərinin aradan qaldırılmasından kənara çıxmayacaq. Lakin hətta bu halda da sizin dünya inqilabının mübariz döyüşçülərini onilliklər boyu dəmir barmaqlıqlar arasında saxlayan ideologiyaya baxışınızı dəyişmək cəsarəti hər cür alqış və razılığa layiqdir. Amma əgər siz bu yolda daha irəli getmək istəyirsinizsə, onda heç şübhəsiz ki, sizə uğur gətirəcək ilk iş sələflərinizin Allah və dindən imtina edərək Sovet dövləti xalqına ağır zərbə vuran siyasətini dəyişməyiniz olar. Bilin ki, dünya siyasətinə bundan obyektiv yanaşma ola bilməz.

Əlbəttə, sizdən öncəki kommunist rəhbərlərinin iqtisadiyyatda yanlış metodikası və səhv hərəkətləri ona gətirib çıxara bilər ki, Qərb sizi heyran edə və çiçəklənən bağ kimi görsənə bilər. Amma bilin ki, həqiqət bunda deyil. Əgər siz kommunizm və sosializmin iqtisadi problemlərini həll etmək üçün Qərb kapitalizminə üz tutsanız, onda nəinki öz cəmiyyətinizi problemlərdən xilas edəcəksiniz, əksinə, sizdən sonra gələnlər sizin səhvinizi düzəltməyə çalışacaq. Çünki necə ki, marksizm öz iqtisadi və sosial axtarışlarında dalana dirənib, eləcə də Qərb dünyası digər sfera və sahələrdə problemlərlə üzləşib.

Cənab Qorbaçov!

Həqiqətə doğru getmək lazımdır. Sizin ölkənizin əsas problemləri mülkiyyət, iqtisadiyyat və azadlıq məsələlərində deyil. Sizin əsas çətinliyiniz həqiqi Allaha inamınızın olmamasındadır və bu amil Qərbi bayağılığa, dalana aparacaq. Sizin əsas çətinliyiniz hər şeyi yaradan Allahla uzun və faydasız mübarizə aparmaqdadır.

Cənab Qorbaçov!

Hamıya aydındır ki, bu gündən kommunizmi siyasi tarix muzeylərində axtarmaq lazımdır. Çünki heç bir insan ehtiyaclarına cavab verməyən marksizm materialist təlimidir, materializmlə isə həm Qərbdə, həm də Şərqdə insanların ən böyük problemi olan din və inanc böhranını xilas etmək mümkün deyil.

Cənab Qorbaçov!

Ola bilsin ki, siz hələ marksizmdən üz döndərməmisiniz və hər yerdə onun doğruluğundan danışırsınız. Amma özünüz də anlayırsınız ki, bunu sübut etmək mümkün deyil. Kommunizmə ilk zərbəni Çin rəhbəri, sonuncu və ən sarsıdıcı zərbəni isə siz vurdunuz. Bu gün dünyada artıq kommunizm adlı bir şey mövcud deyil. Amma sizdən israrla xahiş edirəm ki, marksist illüziyaları ilə dolu binanı dağıdarkən Qərbin və Böyük İblisin əsirliyinə düşməyəsiniz. Ümid edirəm ki, məhz siz 70 ildir ki, mövcud olan çürümüş kommunist dünyasının izlərini öz dövlətinizin və dünya tarixinin səhifələrindən yox etmək şərəfinə layiq olacaqsınız. Bu gündən sizə müttəfiq olan ölkələrin rəhbərləri kommunizmin uğurlarını nümayiş etdirmək üçün öz təbii sərvətlərini xərcləməyə getməyəcəklər.

Cənab Qorbaçov!

Sizin bəzi respublikaların minarələrindən 70 il sonra ilk dəfə “Allahu Əkbər” sədası yüksələn zaman Allahın sonuncu elçisinin tarixi missiyasını anlayan bütün müsəlmanlar göz yaşlarına boğuldular. Buna görə mən növbəti dəfə sizi materialist və idealist görüşləri barədə düşünməyə çağırıram. Materialistlər kriteriya olaraq hissləri əsas götürüblər. Onlar hiss olunmayanı elmdən kənar elan edirlər, varlığı isə materiyanın təntənəsisayırlar, maddə olmayanı inkar edirlər. Nəticədə isə onlar Allahın varlığını, ilahi həqiqətləri və Axirət gününü inkar edirlər. Halbuki idealist təlimində hiss və şüur əsas sayılır.

Hörmətli cənab Qorbaçov!

Bu problemləri qeyd edərək sizdən çox xahiş edirəm ki, xüsusi diqqət və ciddiliklə İslamın tədqiqinə yanaşasız. Təkcə ona görə yox ki, İslam və dünya müsəlmanlarının sizə ehtiyacı var, həm də ona görə ki, bəşəriyyəti narahat edən əsas problemlərin həlli və xalqların firavanlığı yalnız yüksək dəyələr daşıyan İslam dünyası vasitəsilə gələ bilər. İslama ciddi yanaşmanız bəlkə də sizi Əfqanıstan və s. kimi ciddi problemlərdən xilas edə bilər. Biz özümüzü dünya müsəlmanlarından ayırmırıq və həmişə onların taleyi haqda düşünürük.

Bəzi sovet respublikalarında dini ayinlərin icrası üçün qismən azadlıq verməklə “dinin xalq üçün tiryək olduğu” fikri ilə razılaşmadığını göstərmisiniz. Məgər İranı supergüclər qarşısında alınmaz qayaya çevirən din xalq üçün tiryək ola bilərmi? Məgər dünyada sülh və əmin-amanlıq yaradaraq insanları maddi və mənəvi qayğılardan azad etmək istəyən din xalq üçün tiryək ola bilərmi? Bəli, şübhəsiz bəziləri üçün İslam dünyasının maddi və mənəvi nemətlərini talayaraq Qərb dünyasının dediyini etmək yeni din yaratmaq deməkdir, məhz belə dinlər xalq üçün tiryəkdir. Amma bu əsl din yox, xalq dediyi kimi ”amerikasayağı” dindir.

Yekun olaraq bəyan edirəm ki, İran İslam Respublikası İslam dünyasıının əsas dayağı olaraq sizin cəmiyyətdə yaranmış vakuumu asanlıqla doldura bilər. Hər nə olsa da, bizim ölkəmiz əvvəlki kimi ikitərəfli münasibətlərdə mehriban qonşuluq prinsiplərinə hörmət edir.

Haqq yolu ilə gedən hər kəsə xeyir-duamı verirəm”.

Ruhulla Əl-Musəvi Əl-Xomeyni

11.10.1367-ci il.