backend

Xocalı ilə bağlı beynəlxalq təşkilatlara müraciət edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. 

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

Ombudsman Aparatının mətbuat xidmətindən TİA.AZ-a verilən məlumata görə, bəyanat BMT-nin baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, YUNESKO-ya, İslam Əməkdaşlıq Təşkilatına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin Bakıdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilb.

Bəyanatda deyilir ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən, bəşər tarixinə böyük qanlı faciə kimi daxil olan Xocalı soyqırımından 25 il ötür: “Bu faciə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət beynəlxalq hüquq baxımından məhz soyqırımı kimi qiymətləndirilməlidir. Bu alayın çoxsaylı ağır texnikası şəhərə yeridilmiş, cinayətkarlar vahimə içərisində şəhəri tərk etmək məcburiyyətində qalan dinc insanları amansızcasına qətlə yetirmişlər, şəhər yerlə yeksan edilmiş, yaşayış evləri və sosial infrastruktur tamamilə dağıdılmış və yandırılmışdır.

Xocalı soyqırımı zamanı 613 nəfər insanın, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulmuş, yüzlərlə dinc sakin ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilmiş, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilmiş, əsir və girov götürülənlərə amansız işgəncələr verilmişdir. Bu zaman soydaşlarımızın əsas insan hüquqları, ən başlıcası isə təməl hüquq olan yaşamaq hüququ kütləvi şəkildə pozulmuşdur. Bu faciəni törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və ölkəmizinayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın hüdudlarından kənara çıxaraq, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min soydaşımızın həyatına son qoyulmuş,torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır.

Xocalıda erməni qəsbkarları tərəfindən törədilən bu kütləvi insan qırğını ağlasığmaz qəddarlığı və işgəncələri ilə birmənalı olaraq, genosid faktıdır. Belə ki, beynəlxalq hüquqa əsasən genosid ən ağır cinayətlərdəndir. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində qeyd olunur ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dəyərlərdən məhrum edir, BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərə tamamilə ziddir və dünya birliyi tərəfindən pislənir.

Genosid cinayətinin əlamətləri BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada müəyyən edilmişdir.Xocalı soyqırımı zamanı baş vermiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların kütləvi şəkildə məhv edilməsi niyyəti ilə törədilməsi onun genosid aktı olduğunu sübut edir. Azərbaycana qarşı təcavüz zamanı adı çəkilən Konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunmuşdur. Lakin təəssüf ki, Azərbaycanda dinc əhaliyə qarşı belə dəhşətli soyqırımı aktları həyata keçirilməsinə baxmayaraq, bu faktlar, o cümlədən Xocalı soyqırımı beynəlxalq aləmdə hələ də öz hüquqi-siyasi qiymətini almamış, bu hadisəni planlaşdıranlar, təşkil edənlər və törədənlər məsuliyyətə cəlb edilməmiş, layiqli cəzalarını almamış və bu istiqamətdə hər hansı bir tədbir görülməmişdir.
İşğal edilmiş Dağlıq Qarabağ və yeddi ətraf rayon Azərbaycan ərazisinin ayrılmaz tərkib hissəsidir. Bunu beynəlxalq hüquq, o cümlədən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli məlum 822, 853, 874 və 884 saylı Qətnamələri, BMT Baş Məclisinin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 14 mart 2008-ci il tarixli Qətnaməsi, AŞPA-nın Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı rejimi tərəfindən idarə olunmasını təsdiq edən 2005-ci il tarixli 1416 saylı qətnaməsi və 1690 saylı tövsiyəsi bir daha sübut edir. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşərək əsas hüquqları kobudcasına pozulmuşdur.

Ermənistan Avropa Şurasına üzv qəbul olunarkən Parlament Assambleyasının 221 saylı Rəyi əsasında öz üzərinə bir sıra öhdəliklər götürmüş, Dağlıq Qarabağ münaqişəsinin yalnız dinc yollarla nizamlamaq üçün səyləri davam etdirmək, beynəlxalq və yerli mübahisələri, qonşulara qarşı hər hansı güc tətbiqinə və hədələməyə yol vermədən, dinc vasitələrlə və beynəlxalq hüququn prinsipləri əsasında həll etmək öhdəliyini götürmüşdür. Lakin erməni tərəfi qeyri-konstruktiv mövqe nümayiş etdirərək, bu öhdəliklərə əməl etmir, regionda sülhün bərqərar olmasına maneçilik törədir, atəşkəs rejimini mütəmadi olaraq pozur.
Belə ki, 2 aprel 2016-cı il tarixdə işğal olunmuş Azərbaycan ərazilərindən və Ermənistan Respublikası ərazilərindən erməni silahlı qüvvələri tərəfindən qəflətən iri miqyasda Azərbaycan Respublikasının əraziləri, cəbhəyanı bölgələrdə məskunlaşan mülki əhalimizin yaşadığı çoxsaylı yaşayış məntəqələri, məktəblər və digər sosial obyektlər, habelə Azərbaycan Silahlı Qüvvələrinin qoşunlarının təmas xətti boyunca mövqeləri ağır artilleriyadan, iri çaplı silahlardan intensiv atəşə məruz qalmışdır. Nəticədə dinc əhali, o cümlədən uşaqlar, qadınlar və ahıllar həlak olmuş və ağır yaralanmışlar.Bu təxribatlar nəticəsində beynəlxalq sənədlərin, o cümlədən Cenevrə konvensiyalarının müddəaları kobud şəkildə pozulmuş, bu da ölkəmizə səfər edən xarici jurnalistlər tərəfindən də müşahidə edilmişdir.
Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı 23 oktyabr 2013-cü il tarixli qətnaməsi də beynəlxalq birliyin ölkəmizin haqlı mövqeyini dəstəkləməsini və işğal faktının tanımasını təsdiqləyir. Həmin sənəddə bir daha Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinin vacibliyi qeyd olunmuş və işğalçı qüvvələrin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılması tələb edilmişdir. Təəssüf ki, bununla bağlı da heç bir tədbir görülməyib və Azərbaycanın zəbt olunmuş əzəli torpaqları hələ də işğal altındadır.

Bu günlərdə Avropa Şurası Parlament Assambleyasının plenar iclasında Ukrayna nümayəndə heyətinin başçısı, Elm, mədəniyyət, təhsil və media komitəsinin sədri Vladimir Aryevin “Avropada jurnalistlərə və mətbuat azadlığına hücumlar” mövzusunda məruzəsi üzrə qəbul edilmiş Qətnamənin 9-cu bəndində Dağlıq Qarabağın Azərbaycana məxsus olması növbəti dəfə təsdiq edilmişdir. Sənəddə bu kimi əraziləri nəzarətdə saxlayan rejimlərin separatçı mahiyyəti vurğulanmış, bu ərazilər “qanunsuzluğun hökm sürdüyü tamamilə qeyri-şəffaf zonalar” adlandırılmışdır. Ümummilli liderimiz Heydər Əliyev Xocalı soyqırımının əsl mahiyyətini açıqlamış, hələ 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət vermişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman bu münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasının, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini daim qətiyyətlə vurğulayır, soyqırımı cinayətini törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini bəyan edir.

Eyni zamanda Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, müvafiq tədbirlər planı təsdiq edilmiş və bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və geniş vüsət almış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır, bunun nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edilir.

Son dövrlər bütün dünyada ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı siyasəti pislənilir, Xocalıda törədilmiş qanlı qətliam beynəlxalq hüquq normalarına uyğun olaraq qiymətləndirilir.

Artıq Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya və Cibuti parlamentləri də Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisindən tanımışlar. Habelə ABŞ-ın artıq 21 ştatı – Massaçusets, Texas, Nyu-Cersi, Meyn, Nyu-Meksika,Arkanzas, Corciya, Oklahoma, Tennesi, Pensilvaniya,Konnektikut, Florida, Missisipi, Vest Virciniya, İndiana,Yuta, Nebraska, Havay, Montana, Arizona və Aydaho ştatlarının qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunmuşdur.

İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyan ilk beynəlxalq təşkilatdır. Bu təşkilatın Gənclər Forumunun dünyanın çoxsaylı ölkələrində həyata keçirdiyi “Xocalıya ədalət!” kampaniyasının məramı da beynəlxalq ictimaiyyəti bu qanlı hadisə ilə bağlı ətraflı məlumatlandırmaqdır.
Lakin Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməməsi, bu cinayəti törədənlərin cəzalandırılmaması təəssüf və hiddət hissi doğurur.

Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyətlərinin fəalları bir araya gələrək Sülh Platformasının yaradılmasına qərar veriblər və həmin Platforma Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüququn prinsipləri çərçivəsində həllini məqsəd kimi qarşıya qoymuşlar.

Xocalı faciəsinin 25-ci ildönümü günlərində şəhidlərin xatirəsini dərin hüznlə yad edərək bildirirəm ki, ikili standartlara yol vermədən, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq, bu hadisə xüsusi beynəlxalq komissiya tərəfindən araşdırılmalı, səlahiyyətli beynəlxalq qurumlar tərəfindən genosid aktı kimi tanınmalı, cinayət törədənlərə qarşı sanksiyalar tətbiq edilməlidir. Nüfuzlu beynəlxalq qurumları birmənalı mövqe nümayiş etdirərək, bir daha bu soyqırımını pisləməyə, onu törədənlərin tezliklə ədalətli cəzalarını alması üçün səyləri artırmağa çağırıram.

Bir daha bəyan edirik ki, Ermənistan münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin qərarlarını yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, azərbaycanlı əsir və girovlar azad edilməli, qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa olunmalı, onlar öz doğma yurdlarına qayıtmalı, habelə günahsız, dinc insanları məhv edən cinayətkarlar tezliklə ədalət məhkəməsi qarşısında cavab verməli və cəzalandırılmalıdır”.