Xəbər verdiyimiz kimi, Prezidenti İlham Əliyev ötən gün Xocalı hava limanında olub.
Xocalı aeroportunun infrastrukturunun inkişaf etdirilməsi məqsədilə bir sıra təkmilləşdirmə işlərinin aparılması nəzərdə tutulub.
Belə ki, mövcud uçuş-enmə zolağının uzunluğu 3000 metrədək, eni isə 60 metrədək genişləndiriləcək. Hava limanının ərazisinin optimallaşdırılması işləri həyata keçiriləcək və burada ümumi sahənin 177,27 hektar, perron ərazisinin isə 47 min kvadratmetr olması planlaşdırılır.
Görüləcək bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçiriləcək, hava limanı ən müasir səviyyəyə çatdırılacaq.
Qeyd edək ki, Xocalı rayonunda Xankəndi şəhərindən 10 kilometr şimal-şərqdə, mürəkkəb relyefli ərazidə yerləşən Xocalı Hava Limanı 1974-cü ildə istismara verilib. 2020-ci ildə Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış təşkilatı – Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Xocalı Hava Limanına UBES indeksi verməklə onun Azərbaycana məxsus olduğunu təsdiqləyib.
Dəniz səviyyəsindən 575 metr hündürlükdə yerləşən Xocalı aeroportunun ərazisi 188,5 hektardır. Hazırda hava limanında 2170 metr uzunluğunda və 45 metr enində bir uçuş-enmə zolağı, iki sürmə yolu, bir perron və bir terminal mövcuddur. Perron ərazisində hava gəmiləri üçün ümumilikdə üç dayanacaq mövcuddur.