XİN-in Booking.com-a etirazı nəticə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hollandiyanın ərazisində fəaliyyət göstərən booking.com şirkəti Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana sifarişlərinin həyata keçirilməsini dayandırıb”. 

“Hollandiyanın ərazisində fəaliyyət göstərən booking.com şirkəti Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana sifarişlərinin həyata keçirilməsini dayandırıb”.

Bu barədə TİA.AZ-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. H. Hacıyev bildirib ki, bu il iyunun 2-də XİN və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu istiqamətdə müvafiq tədbirlər görüləcəyi, Hollandiyadakı səfirlik vasitəsilə booking.com şirkətinə etiraz bildiriləcəyi açıqlanıb.

“Booking.com-un Azərbaycanın işğal olunmuş ərazilərinin turizm məntəqəsi kimi təşviq etməsi və orada mehmanxana sifarişlərinin həyata keçirməsi beynəlxalq hüququn norma və prinsipləri, Ümumdünya Turizm Təşkilatının Nizamnaməsi, Turizmə dair Qlobal Etik Məcəllə, ÜTT-nin İcraiyyə Şurasının müvafiq qərar və tövsiyələrinə ziddir. Şirkətin qeydiyyatda olduğu Hollandiya, o cümlədən Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyi halda, booking.com bu mövqeyin əksinə fəaliyyət göstərib” – deyə, H. Hacıyev əlavə edib.

XİN sözçüsü deyib ki, münaqişə zonası və etnik təmizləmənin törədildiyi məkan kimi Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana rezervasiyasının həyata keçirilməsi, bundan komissiya şəkildə qazanc əldə edilməsi korporativ biznes etikası qaydaları və mənəvi dəyərlərlə bir araya sığmır.

“Şirkətə onu da xatırlatmaq istərdik ki, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni və çirkli yollarla fəaliyyət göstərən kriminal sahibkarlıq subyektləri ilə işbirliyinə girmək şirkətin beynəlxalq nüfuzuna xələl gətirir. Qeyd olunanları nəzərə alaraq, booking.com şirkətini Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana sifarişlərini tam şəkildə ləğv etməyə və gələcəkdə bu istiqamətdə hər hansı fəaliyyətdən kənar durmağa çağırırıq.

XİN və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu istiqamətdə zəruri tədbirlərin görülməsi davam etdiriləcək” – deyə, o əlavə edib.