backend

XİN-dən Sarkisyanın müharibə anonsuna reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan prezidentinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi təxribatdır” 
“Ermənistan prezidentinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi təxribatdır”

Bunu TİA.AZ-a açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

XİN rəsmisinin sözlərinə görə, Ermənistan rəhbərliyin bu addımı bir daha göstərir ki, bu ölkə mövcud status-kvonu möhkəmləndirməyə və Azərbaycanın işğal olunan ərazilərini ilhaq etmək siyasətini yürütməyə çalışır.

“Nəzərə almaq lazımdır ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin pozulmasına cəhd göstərən tərəf Ermənistandır. Ermənistan Sank-Peterburq görüşündən sonra danışıqların irəli getməsi və konkret müzakirə olunan məsələlərin həyata keçirilməsinə mane olmağa çalışır”.

XİN rəsmisi Sarkisyanın Qarabağda əhalinin, işğalçı ordunun çətin günlərə hazır olmalıları barədə bəyənatını da şərh edib:

“Bu, Ermənistan dövlət başçısı tərəfindən səsləndirilən populist və hərbi avantüra xarakterli açıqlamadır. Ermənistan hərbi diktatura rejimi Qarabağda yaşayan erməniləri sülhə çağırmaq əvəzinə, bu kimi populist bəyənatlarla regionda vəziyyətin qızışdırılmasına xidmət edəcək addımlar atır”.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan Xankəndində mədəniyyət xadimləri ilə görüşü zamanı deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar aparılmır.

İşğalçı ölkə rəhbəri müharibə anonsu verməkdən çəkinməyib: “indi elə bir dönəmdir ki, ordu, vətəndaşlar, Qarabağ əhalisi çətin günlərə hazır olmalıdır. Ordu qarşısında çox tələbat var və bu tələbatı qiymətləndirmək lazımdır. Ona görə də tələbatı qiymətləndirmək, hansı problemin ilk növbədə həll olunmalı olduğunu müəyyənləşdirmək və onları həll etmək lazımdır”.