backend

XİN-dən İrəvana cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın siyasi və diplomatik sistemində çalışan şəxslərin aşağı səviyyəsi təəccüb və istehza doğurur. 

Ermənistanın siyasi və diplomatik sistemində çalışan şəxslərin aşağı səviyyəsi təəccüb və istehza doğurur.

Bunu TİA.AZ-a Ermənistan prezidenti Serj Sarkisyan və Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryanın dediklərini şərh edərkən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, dövlətimizin başçısı “N” saylı hərbi hissənin açılışı zamanı etdiyi məzmunlu çıxışında Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsinə toxunaraq münaqişənin həllinin çox sadə olduğunu və bunun üçün ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməli olduğunu vurğuladı:

“Dövlət başçısı heç vaxt Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verilməyəcəyini qəti şəkildə bir daha bildirdi: “Əgər kimsə utopik xülya ilə yaşayaraq Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin müstəqilliyini gözləyirsə, qoy, əbəs yerə gözləməsin. Bu, olmayacaq!”

XİN rəsmisi bildirib ki, münaqişənin həlli ilə əlaqədar Azərbaycanın ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslanan mövqeyi qəti və birmənalıdır:

“Ermənistan prezidentinin tərxis olunmuş əsgərlərlə görüşündə “Əgər topraqlar geri qaytarılsa, mən sizin gözlərinizə necə baxaram?” deməsi yalnız ikrah doğurur. Bəs, görəsən, Ermənistan prezidenti məhz onun yürütdüyü hərbi avantüra nəticəsində cəbhədə həlak olmuş erməni əsgərlərin və əsgər valideynlərinin gözlərinə necə baxır? Ermənistanın hərbi diktatura rejiminin yürütdüyü siyasətin Ermənistanı uçuruma apardığı, Ermənistan xalqını və erməni gəncləri gələcəkdən məhrum etdiyi hər kəsə aydındır. Görəsən, buna görə vicdan əzabı çəkirmi?

H.Hacıyev bildirib ki, o ki qaldı Ermənistan xarici işlər nazirinin müavininin açıqlamasına, həqiqətən Ermənistanın siyasi və diplomatik sistemində çalışan şəxslərin aşağı səviyyəsi təəccüb və istehza doğurur:

“BMT nizamnaməsi və xalqların öz müqəddəratını təyin etmə prinsipinin haradasa adını eşidən Ermənistan XİN-in nümayəndəsi hələ də anlamır ki, qanlı etnik təmizləmə, işğal və təcavüz törədərək onun nəticəsində yaradılmış vəziyyəti öz müqəddəratı kimi təqdim etmək beynəlxalq hüququn prinsiplərindən biri olan xalqların öz müqəddəratını təyin etmə prinsipinin tələblərinə, mahiyyətinə və fəlsəfəsinə ziddir. Sözügedən şəxs öz ixtisasına uyğun olaraq biologiya ilə məşğul olsaydı, Ermənistan üçün bəlkə daha faydalı olardı. Ermənistan xalqı Ermənistan idarəetmə sistemində kimlərin çalışdığını yəqin ki özü görür”.