Dövlətə məxsus “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 2024-cü ilin birinci yarısını 16.88 milyon manatlıq xalis zərərlə başa vurub. Keçən ilin eyni dövründə şirkət 18.72 milyon manatlıq xalis mənfəət əldə etmişdi. Yaxşı, Azərbaycan bölgənin logistika, yükdaşıma mərkəzi olmaq istəyir, Xəzər dənizini Şərqlə Qərb arasında körpüyə çevirməyə çalışır, yeni yollar inşa edir, amma yükdaşımalarda dövlətə məxsus təbii inhisarçı olan ASCO ziyanla, zərərlə işləyir – səbəbi çox sadədir: Dövlət iqtisadiyyatda ən pis menecerdir, dövlətindirsə heç kimindir, dövlətin malı məmurlara “halaldır”.
Tribunainfo.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli bildirib. O qeyd edib ki, bu sistemlə, bu idarəetmə ilə, bu yanaşma ilə qarşımızda açılan gözəl fürsətləri dəyərləndirə bilmirik- bilmərik də:
“Doğrudan da Azərbaycanın logistik mərkəz olmaq, Şərqi Qərbə, Şimalı Cənubə (və əks istiqamətlərdə) bağlamaq üçün çox böyük imkanları, təbii coğrafi üstünlüyü var. İnsafən, infrastruktura da öncədən və indi böyük yatırımlar qoyulub – sadəcə, bu idarəetmə modeli potensialı reallaşdırmaq üçün uyğun deyil, hətta ciddi maneədir.
İddiamın sübutu elə ASCO-nun zərərlə bağlı yaydığı rəsmi məlumatda öz əksini tapır. Sitat: “Belə ki, 2024-cü il üçün Xəzərdə bir sıra yerli və xarici neft-qaz layihələri yekunlaşdığından bu layihələrə xidmət edən ixtisaslaşmış gəmilər işlərə cəlb olunmayıb. Eyni zamanda, bu il üçün planlaşdırılan bəzi yeni layihələrin növbəti illərə keçməsi də, ixtisaslaşmış gəmilərin işlə yüklənməsinə neqativ təsir edib. Xəzərin Azərbaycan sektorundan kənarda da sözügedən ixtisaslaşmış gəmilər üçün layihələr mövcud olmayıb. Beləliklə, proqnozlaşdırılan, eləcə də gözlənilməyən bu və ya digər obyektiv faktorlar gəlirlərin düşməsinə səbəb olub. 2024-cü il üçün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) həyata keçirdiyi neft-qaz layihələrində ASCO-nun təqdim etdiyi gəmi xidmətlərinə də tələbat azalıb. Bu da ümumi gəlirlərin düşməsinə təsir edib”.
Tərcüməsi budur ki, ASCO əlini qulağına qoyub illərdir neft-qaz sektorunun hesabına kef edirdi, bir dövlət şirkəti (ASCO), digər dövlət şirkətinin (SOCAR) hesabına pul qazanırdı – yəni, ortada dövr edən elə dövlətin pulu idi. İndi hasilat azalır, iş həcmi azalır, ASCO ziyan edir – yaxşı, ASCO niyə beynəlxalq yükdaşımalara önəm vermir, nədən quru yükdaşımalarda aktiv deyil, nə səbəbə Şərq-Qərb koridorunun potensialından istifadə etməyi, yəni, özünü oda-közə vurub pul qazanmağı düşünmür?! Çox sadə – yazdım axı, dövlət iqtisadiyyatda ən pis menecerdir, birbaşa iqtisadiyyatın iştirakçısı olanda belə bir mənzərə yaranır. Dövlət şirkətləri arxayındılar ki, borc yaransa Dövlət siləcək, vergilərdə güzəşt olacaq, lazım gəlsə Dövlət zəmanəti ilə xaricdən kredit götürüb onu da israf edəcəklər.
Hörmətli hökumət üzvləri, ölkənin iqtisadi modeli nimdaşdır, bu model böyük neft pullarına hesablanmışdı, indi o pullar yoxdur, olmayacaq da, yeni, müasir, nefti nəzərə almadan pul qazanan modelə keçməyə isə köhnə idarəetmə sistemi imkan vermir – ya papağımızı qabağımıza qoyub, düşünüb yeni sistemə keçid etməliyik, ya da, sizin indi etdiyiniz kimi, problemləri görməzdən gəlib sistemin tam durma nöqtəsinə doğru gedəcəyik”.
Roman