“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) məxsus “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun direktoru Rəfail Mikayılov barəsində protokol tərtib edilib.
Qaynarinfo-nun məlumatına görə, şirkət tikinti zamanı baş verən bədbəxt hadisənin gizlədilməsində ittiham olunur. Bu səbəbdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 555.3 maddəsi ilə protokol tərtib edilib. Zavodun direktoru Mikayılov Rəfail Qərib oğlu protokola etiraz edərək, Xətai Rayon Məhkəməsinə müraciət edib. İşə hakim Fuad Axundovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, 555.3 maddəyə əsasən, bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırıma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə 1800 manatdan 2200 manatadək məbləğdə cərimə tətbiq edilir.