“Bu gün Şah İsmayıl Xətai metrostansiyasında gördüyüm mənzərə məni çox təəsüfləndirdi. Təmirdən sonra stasiyada Xətainin heykəli götürülüb, əvəzində mərmər vurulub”.
TİA.AZ xəbər verir ki, bu sözləri sosial şəbəkə istifadəçilərindən Elvin Babayev paylaşıb.
O, yazır ki, stansiya 1990-cı ildən etibarən Azərbaycan tarixinin şanlı səhifələrini yazmış Şah İsmayıl Xətainin adı ilə adlandırılıb. Burada Xətainin heykəli və müxtəlif heykəl-ornamentlər var idi: “Mən hər dəfə bu metrostaniyaya gedərkən bu əl işlərindən zövq alır, bu şəxsiyyətlə fəxr edirdim. Bu günə kimi!!! Bu gün bu stansiyanın təmirinin müəyyən hissəsi başa çatıb və istifadəyə verilib. Lakin şəkildə gördüyünüz heykəl və ornamentlər artıq orada yoxdur. Əvəzində mərmər var. Tarixi söküb boş mərmər ediblər. Məncə bu məsələ kifayət qədər diqqət ayrılacaq məsələdir. Çünki Nizami metrostansiyasında da təmir gedir. Qorxuram ki təmir başa çatanda yenə də mərmər mənzərəsi ilə qarşılaşarıq. Ümid edirəm ki, “Bakı Metropoliteni” QSC bununla bağlı məntiqli bir açıqlama verəcək”.
Məsələ ilə bağlı açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, heykəlin götürülmə səbəbi onun aşınmaya məruz qalmasıdır: “Mürəkkəb hidrogeoloji şəraitdə yerləşən «Xətai» stansiyasının birinci yolunda və sərnişinpaylama zalının həmin yola yaxın yarısında iki ilə yaxın aparılan təmir və yenidənqurma işləri 2016-cı ilin dekabr ayında başa çatdırılıb. 2017-ci ilin əvvəlindən işlərin davamı olaraq stansiyanın ikinci yolu və orta zalın ona bitişik ikinci hissəsində təmir işlərinə başlanılıb. Təmir zamanı orta zalda görkəmli dövlət xadimi və mütəfəkkir, şair Şah İsmayıl Xətaiyə həsr olunmuş memarlıq kompozisiyası demontaj olunub. Buna səbəb 27 il əvvəl qurulmuş kompozisiyanın stansiyanın ağır hidrogeoloji mühitinin, mürəkkəb və aqressiv mikroiqlim şəraitinin təsiri nəticəsində fiziki aşılanmaya məruz qalmasıdır. Həmin kompozisiyanın vəziyyətini dəqiq qiymətləndirmək və yenidən qurulmasının mümkünlüyünü araşdırmaq üçün «Bakı Metropoliteni» QSC-nin rəhbərliyi Azərbaycan Rəssamlar İttifaqına müraciət edib və mütəxəssislərin daxil olduğu xüsusi komissiya yaradılıb.
Kompozisiyanın müəllifi Xəlil Əliyevin də daxil olduğu 8 Xalq rəssamından, eləcə də «Bakı Metropoliteni» QSC sədrinin müavini Hidayət Məmmədov, insan resursları və xidmət departamentinin rəisi Tərlan Dadaşov, hərəkət xidmətinin rəisi Etibar İsayev, mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevdən ibarət olan komissiya «Xətai» stansiyasında quraşdırılmış dekorativ-tətbiqi sənət kompozisiyasına baxış keçiriblər. Komissiyanın gəldiyi yekdil qərara görə, abidə yararsız hala düşmüş və bərpası mümkün deyildir. Bu barədə tərtib olunmuş akt Azərbaycan Rəssamlar İttifaqına və «Bakı Metropoliteni» QSC-nin rəhbərliyinə təqdim olunub. Hazırda «Bakı Metropoliteni» QSC rəhbərliyi burada eyni mövzuda fərqli memarlıq kompozisiyasının yer alması üzərində iş aparır”.