Bu gün YAP Xətai rayon təşkilatının qərargahında Xətai rayon şəhidlərinin xatirəsinə həsr olunmuş “Əbədi qəhrəmanlar” adlı kitabın təqdimat mərasimi keçirilib.
Tribunainfo.az xəbər verir ki, öncə xalqımızın Ümummilli Lideri, Müstəqil Azərbaycanın banisi Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev öncə ideya müəllifi kimi Pərvanə Vəliyevaya və kitabın ərsəyə gəlməsində əməyi keçən bütün insanlara təşəkkürünü bildirib:
“Vətənin müdafiəsi uğrunda canından, qanından keçən belə qəhrəmanlarımızı, yurdumuzun bütövlüyü uğrunda canlarından keçməyi özlərinə şərəf bilən igid oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, xatirələrini əziz tutmaq, onların adlarını əbədiləşdirmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır”.
Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Xətai rayonunda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədə olub və bundan sonra da bu cür davam edəcəkdir. Şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşılması, onların xatirəsinə ucaldılmış abidələrin, salınmış parkların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur.
Bu ideyanın gerçəkləşməsində göstərdiyi dəstəyə görə Xətai rayon rəhbərliyinə və aidiyyəti qurumların nümayəndələrinə minnətdarlığını bildirən Milli Məclisin deputatı Pərvanə Vəliyeva qeyd edib ki, Vətənə olan sonsuz sevgi sayəsində Şəhidlik adlı zirvəni fəth edən, 30 illik həsrətdən sonra doğma Qarabağımızı, Şuşamızı bizə geri qaytaran oğullarımızın xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək həyat amalımız olmalıdır.
Şəhidliyin ən müqəddəs və ən uca zirvə olduğunu bildirən Milli Məclisin deputatı Vüqar Rəhimzadə çıxışında deyib ki, igid, qəhrəman oğulları olan xalq heç vaxt yada, namərdə baş əymir, daim qələbələr qazanır. Bu yolda şəhid olanlar, igidliyi, qəhrəmanlığı ilə seçilənlər zaman keçdikcə əfsanəyə çevrilir, nəsildən-nəslə ötürülür.
Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri Mürvət Əsgərov, Meyvəddin Ramaldanov, Vəli Rəhimov, Pərviz Umudov və Xuraman Məmmədova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin minnətdarlıq və təşəkkürlərini bildiriblər