Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Xətai rayon İcra Hakimiyyəti, YAP Xətai rayon Təşkilatının birgə təşkilatçılığı ilə 26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününə həsr olunmuş konsert proqramı təşkil olunub.
Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, Miııi Məclisin deputatı Jalə Əliyeva, Vətən Müharibəsi Qəhrəmanları Nizami Mövlanov, Zaur Hüseynov, Zaur Quliyev, Dövlət Təhlükəsizlik Xidməti Xətai rayon İdarəsinin rəisi Hümbət Əliyev, şəhid atası, Xalq artisti Əli Nur, vətənpərvərlik mahnılarının sevilən ifaçısı Şəmistan Əlizamanlı, rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, şəhid ailələrinin, qazilərin, Milli Müdafiə Universitetinin kursantlarının, ziyalıların və sakinlərin qatıldığı tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanan konsert zamanı səhnədə quraşdırılmış ekranda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərlə bağlı kadrlar nümayiş etdirilib.
Konsert proqramı tanınmış mədəniyyət və incəsənət xadimlərinin vətənpərvərlik mövzularındakı ifaları ilə davam etdirilib.
Yüksək vətənpərvərlik duyğuları və coşqu ilə keçən konsert proqramı tamaşaçılar tərəfindən böyük məmnunluq və razılıqla qarşılanıb.