Xətai Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirildi

Xətai Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 10-da Xətai Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib. Konfransda Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Əhliman Əmiraslanov,YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, habelə rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.

İlk olaraq tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü qarşısına tər çiçəklər düzdülər, Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Konfransı Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev açaraq tədbir iştirakçılarını salamlayıb. Bildirib ki, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzü və suverenliyimizi beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq bərpa etmişik və bununla qürur duyuruq. İcra başçısı, həmçinin, qeyd edib ki, bu gün respublika ağsaqqalları ölkəmizin ictimai-siyasi həyatında mühüm yer tutur və dövlətimizin bugünkü inkişafında onların böyük rolu vardır. Ağsaqqallarımız həmişə gənclərə nümunə olmaqla yanaşı, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında xüsusi rol oynayır, öz bilik və təcrübələrini gənclərə öyrədirlər.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Əhliman Əmiraslanov öz çıxışında tədbir iştirkçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayaraq qeyd edib ki, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz möhtəşəm Qələbə qazanaraq işğaldan azad etdiyi torpaqlarımızda hazırda geniş vüsətli quruculuq işləri aparılır və artıq bu torpaqların əsl sahibləri, məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıdırlar. Bu gün respublikamızın hər bir bölgəsində müşahidə edilən inkişaf prosesindən söhbət açan natiq bildirib ki, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın daha da qüdrətlənməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Natiq bu inkişaf zəminində Azərbaycan Ağsaqqallar Şurasının da öz fəaliyyətini səmərəli şəkildə qurmasından, ağsaqqalların respublikamızın ictimai-siyasi həyatındakı böyük rolundan, həmçinin ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyə olunmasında ağsaqqallara hər zaman böyük ehtiyac duyulduğunu bildirib. O, Şuranın Nizamnamə və Əsasnaməsindən irəli gələn vəzifələr barədə də məlumat verib və tövsiyələrini çatdırıb.
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə öz çıxışında müstəqil dövlətimizin güclənərək möhkəmlənməsində ağsaqqalların əvəzsiz xidmətlərindən söz açaraq, rayonun daha da inkişaf etdirilməsinə, Ölkə başçısı cənab İlham Əliyevin respublikada həyata keçirdiyi yüksək fəaliyyətə rayon ağsaqqallarının hər zaman töhfə verəcəklərinə əmin olduğunu bildirib.
Xətai Rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov çıxış edərək, ağsaqqalların rayondakı ictimai fəaliyyətindən, rayon əhalisi, o cümlədən gənclərlə keçirdikləri tövsiyə xarakterli görüşlərdən danışaraq, ölkənin ictimai-siyasi həyatında ağsaqqalların yaxından iştirak etdiklərini qeyd edib və şuranın hesabatını təqdim edib.

Həmçinin, şura üzvlərindən Nizami Hüseynov, Cəbrayıl Şahlarov və şəhid ataları Meyvəddin Ramaldanov və Bəylər Əkbərov çıxış edərək öz tövsiyə və təkliflərini bildirib, ağsaqqallara göstərilən dövlət qayğısına görə ölkə rəhbərinə minnətdarlıq ediblər.