Bakı sakini E.İ. ilə Xətai Estetik Klinikasının həkimi Adil Cümşüdov arasında qalmaqal yaranıb.
E.İ. Qaynarinfo-ya bildirib ki, klinikada bədən şəkilləndirmə əməliyyatı etdirib, lakin nəticə uğursuz alınıb.
Onun sözlərinə görə, əməliyyatı Adil Cümşüdov adlı həkim edib.
“8 saat əməliyyatda olmuşam. Əməliyyatdan sonra baxdım ki, boğazım, sinəm, bütöv bədənim gematomadı. Halbuki mən sinə əməliyyatı etdirməmişəm. Və ən dəhşətlisi də o idi ki, bu qədər pul aldığı halda hər iki əməliyyati özü etməyib, asistentləri mənim üzərimdə praktika keçirmiş. Bədənin bütün nahiyələrində əyrilik var.
Qol liposaksiyasından sonra qolum sarğılı oldugu halda qola sistem qoşublar. Nəticədə qollarım aşırı dərəcədə şişdi. Xəstəxanada çox laqeyid yanaşmalar gördüm. Əlavə gün ödədiyim halda dəhlizdə yatdım. Nə qədər qışqırıb çağırsam da, heç kəs yaxınlaşmadı. Bir ay sonra da əməliyyat olunan bütün bölgələrdə əyrilik olduğu nəzərəçarpacaq dərəcədə bilindiyi üçün narazılıq etdim. Yenidən korreksiya edəcəklərini bildirdilər”, deyə E.İ. bildirib.
Şikayətçi deyib ki, əməliyyata 10 min manatdan cox pulu çıxıb:
“10 min manata yaxın pul vermişəm. Ödənişi vaxtlı-vaxtında etmişəm. Rosetlər və reseptə gülünc məbləğlər aldılar (600 manat). Bütün nahiyələrin əyri olduğunu bildikləri halda məni kovitasiya aparatına yönəltdilər, üç həftə sonra heç bir dəyişiklik olmadı. Lakin bir söz demədim. Yəni, özləri də etiraf edir ki, əməliyyat uğursuz keçib. Korreksiya əməliyyatının da nəticəsi olmadı”.
E.İ-nin sözlərinə görə, ikinci əməliyyatdan sonra səhhətində də problemlər yaranıb. Şikayətçi deyir ki, məsələ ilə bağlı iyunun 4-də klinikaya gedib:
“Etirazımı bildirdim. Səsimin tonunu belə qaldırmadan şikayət edəcəyimi dedim. Adil Cümşüdov otaqda qışqıraraq dedi ki, nə eləmişəmsə, əcəb eləmişəm, get, kimə istəyirsən şikayət elə. Hətta məni şantaj elədi. Dedi ki, məndə fotoların var. Əməliyyatdan əvvəl çəkilən fotoları deyir. Mən bilmirəm bu adam kimə güvənir? Yəni, hesab edir ki, bu ölkənin yiyəsi yoxdur? Məgər, dərəbəylikdir? Mən məsələ ilə bağlı Respublika və Xətai prokurorluqlarına şikayət etmişəm. Pulumu geri istəyirəm, çünki yenidən əməliyyat olunmalıdır. Faktiki olaraq məni aldadıblar. Yenidən əməliyyat etməyi təklif etsələr də, razılaşmayacağam. Tələbim ondan ibarətdir ki, mənə vurduqları ziyanı geri versinlər, müalicəyə ehtiyacım var”.
Şikayətçinin sözlərinə görə, baş verənlərlə bağlı artıq Respublika və Xətai Rayon Prokurorluğuna müraciət edib.
Qaynarinfo bu iddialarla bağlı Xətai Estetik Klinikası ilə əlaqə saxlayıb. Lakin klinikadan bu barədə danışmaq istəmədiklərini bildiriblər.
Həkim Adil Cümşüdov isə Qaynarinfo-ya bildirib ki, şikayətçinin iddiaları əsassızdır:
“Pasient bizdən öncə bədən şəkilləndirmə və sarğı nahiyəsinin şəkilləndirilməsi əməliyyatı etdirib. Bizdən öncəki əməliyyatı sonrası sarğı nahiyəsində yaranmış deformasiyaları düzəltmək adı ilə pasientin sarğı nahiyəsinə hər iki bud aralıq nahiyəsindən beldən və qarından alınmış piy toxuması çökmüş hissələrə transfer edilib. Transfer edilən piy toxumasının 30 faizinin əriyə biləcəyi pasientə bildirilib və etdiyimiz əməliyyatdan 3 ay sonra kiçik korreksiya əməliyyatına təkrar ehtiyac görülüb, kiçik yaranmış çökəkliklərə yenidən kiçik həcmdə piy transferi edilib. Hazırda pasientin görünüşündə heç bir deformasiya mövcud deyil”.
Adil Cümşüdovun sözlərinə görə, Elvira İsmayılovaya əməliyyat bölgəsinin masaj edilməsi və reabilitasiya dövrünün 6 aydan tez olmayacağı izah edilib.
“Pasientin bədənində heç bir nekroz, çürümə, infeksiya və çapıq toxuması görülməyib. Əməliyyat sonrası erkən dövrdə dəridə göyərmələrin olmağı və əməliyyat dəliklərindən bədən mayesinin qanlı su formasında az miqdarda axması normal haldır”, – deyə həkim bildirib.