Vətən müharibəsi iştirakçısı, kiçik gizir Balaşov Əsgər Ədalət oğlu əlillik ala bilməməsindən şikayətçidir.
O, bununla bağlı “Qafqazinfo”ya müraciət edib.
Qazi bildirir ki, Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edib, hərbi texnikamızın pusquya düşməsi nəticəsində yaralanıb. 2 il sonra, 2022-ci ildə xəstə olduğunu əsas gətirərək onu ordudan tərxis ediblər:
Sayt qazinin şikayəti ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əlaqə saxlayıb. Agentlikdən belə cavab verilib:
“Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Balaşov Əsgər Ədalət oğlu müharibə veteranı olaraq Prezidentin aylıq təqaüdü ilə təmin olunur. Ona 2021-ci ilin yanvar ayında birdəfəlik sığorta ödənişi (2750 manat) da verilib. Həmçinin Ə.Balaşov bu ilin may ayında özünüməşğulluq proqramına da cəlb olunub və yaxın vaxtlarda proqram çərçivəsində kiçik təsərrüfatını qurması üçün aktivlərlə təmin olunacaq. Müharibə ilə əlaqədar əlilliyinin qiymətləndirilməsi üçün daxil edilmiş göndərişlər əsasında Ə.Balaşovun 2023-cü ilin mart və iyul aylarında, 2024-cü ilin isə mart ayında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinələri aparılıb. Səhiyyə Nazirliyinin mütəxəssisləri ilə birgə aparılan müayinələr zamanı onun sağlamlıq vəziyyətində əlillik əlaməti olmadığı müəyyən edildiyindən əlillik təyinatı aparılmayıb”.
Qeyd edək ki, Ə.Balaşov 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə görə Prezidentin sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunub.