Ötən həftə sonu qeyri-sabit hava şəraiti şimal-qərb bölgəsində fəsadlar yaradıb.
ARB Şəki xəbər verir ki, yağışdan sonra əmələ gələn sel suları və külək İsmayıllıda təsərrüfatın ayrı-ayrı sahələrinə ziyan vurub. Təbii fəlakət zamanı İsmayıllı şəhərində və kəndlərdə sosial obyektlərin dam örtüyü qopub, meyvə ağacları aşıb, meyvə-tərəvəz tələf olub.
Rayonda elektrik naqilləri qırılıb, əhaliyə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Ümumilikdə rayonun 60 kəndinə elektrik enerjisinin verilişi dayanıb. Küləyin təsiri nəticəsində dam örtüyü dağılan evlər və içəridəki əşyalar yağış suyunun altında qalıb. Həmçinin, 7 kəndi təbii qazla təmin edən magistral qaz borusunun Ax-Ox çayı üzərindən keçən hissəsi selin təsiri nəticəsində qırılıb, əhalinin qaz təchizatı dayanıb.
Həmçinin gecə saatlarında çobanlar iri və xırdabuynuzlu heyvanları Girdiman çayından keçirərkən qəflətən gələn güclü sel nəticəsində heyvanların bir qismi tələf olub. Dörd çoban, “QAZ-66” markalı minik maşını və 600-ə yaxın qoyun və inək çayın ortasındakı boş torpaq sahəsində köməksiz vəziyyətdə qalıb. Gecə saatlarında İsmayıllı rayon fövqəladə hallar komissiyası və rayon polis şöbəsinin əməkdaşları xilasetmə işləri aparıb.
Yaşar Eyvazov (çoban): “Yağış başladı. Yarımız o tərəfdə, yarımız bu tərəfdə qaldıq. Ziyan dəyib”.
İsmayıllı rayon FHK-dan verilən məlumata görə, artıq rayonda selin yaratdığı fəsadlar aradan qalrıdırılıb. Qaz və işıqla təchizat tam bərpa olunub. Əraziyə dəyən ziyan hesablanır.
Güclü yağışlar Şamaxının Ərçiman kəndində də fəsad törədib. Pirsaat çayının daşması nəticəsində kəndə gedən körpülərdən birini sel yuyaraq yararsız vəziyyətə salıb. Kənd sakinlərinin rayon mərkəzinə gediş-gəlişi çətinləşib.
Nüsrəddin Soltanov (sakin): “Nə o tərəfə, nə bu tərəfə keçə bilirik. Xəstəmiz olanda apara bilmirik”.
Kənd sakinlərinə məxsus bostan sahələridə suyun altında qalaraq məhv olub. Çayı keçmək istəyən kənd sakininin avtomobilini sel aparıb və nəticədə avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən sürücü xəsarət almayıb və kənd sakinlərinin köməyi ilə xilas olunub. Dəyən ziyanın miqdarı hesablanır.