Xəbər verdiyimiz kimi, 30 yaşlı qadın burun çəpərinin aradan qaldırılması üçün əməliyyat etdirib. Lakin çirk beyninə yayılıb. Zərərçəkən Nəzrin Mansurovanın ailəsinin iddiasına görə, bu, əməliyyatdan sonra beyin zədələnib və xəstə komaya düşüb. Əməliyyatı icra edən həkim Sənan Mehdiyev bildirib ki, burunun beyinlə əlaqəsi yoxdur.
Məsələ ilə bağlı Tribunainfo.az-a danışan tibbi ekspert Rasif Bağırov bildirib ki, burada əsas problem ondan ibarətdir ki, açığı bugünkü gündə cərrahlar çalışırlar ki, xəstələri xəstəxanadan tez çıxarsınlar. Əslində, heç olmasa xəstə 4-5 gün xəstəxanada yatmalı, ümumi vəziyyəti tam stabilləşəndən sonra evə yazılmalıdır. Çünki əməliyyatdan sonra müəyyən antibiotiklər təyin olunur.
Ekspertin sözlərinə görə, bugün əməliyyat edib səhəri gün evə yollamaq düzgün deyil. İndi bir problem də yaranır ki, belə məqamlarda həkim deyəcək ki, evdə nəsə ediblər ondan yaranıb. Onlar da deyəcək ki, heç nə baş verməyib axı evdə…
Ekspert vurğulayıb ki, həkim xəstəni 4-5 gün xəstəxanada saxlasaydı təbii ki, həkim burada haqlı olardı. Çünki əgər orada hər hansı bir infeksiyanın inkişafı nəticəsində beyin qişalarında gedən iltihab prosesindən söhbət gedirsə, 4-5 günə xəstəxanada da inkişaf edib özünü göstərə bilərdi.
“Onu hal-hazırda müayinə edən həkimlər prosesi infeksiya nəticəsində, beyin qişalarının iltihabı nəticəsində komaya düşdüyünü iddia edirlərsə o təbii ki, əməliyyatdan sonra belə hal baş verə bilər. Amma qansızma və digər proseslərlə bağlı koma vəziyyəti varsa, o ancaq travmadan sonra ola bilər. Bəzən də olur ki, anadangəlmə beyin damarlarında anevrizma olur və anevrizmanın partlaması nəticəsində baş verir. Bu da xəstələrin uzun müddət arterial təzyiqdən əziyyət çəkəndə baş verir. Sözügedən xəstə cavan adamdır və arterial təzyiqi yəqin ki, olmayıb. Əslində, bu bütün istiqamətlərdə araşdırılıb müəyyənləşməlidir ki, fəsad haradan qaynaqlanır. Hal-hazırda onu demək çətindir. İndi müayinə edən həkimlər xəstənin belindən funksiya götürəcəklər və səbəbi bilinəcək. Əgər iltihabdan sonradırsa demək ki, əməliyyatdan sonra ola bilər”.
Dəniz Pənahova