Yeni il bayramını evində keçirmək istəyən Çin sakini velosipedlə yola düşüb.
Amma yanlış istiqamətdə yol aldığı üçün evinə yox, başqa yerə gedib. Onu yolda Uxu şəhər polisi saxlayıb. O, polisə bildirib ki, işlədiyi Jiçjao şəhərindən evinin yerləşdiyi Sisikara getməyə hazırlaşır. Amma asayiş keşikçiləri ona izah ediblər ki, yanlış istiqamətdə hərəkət edir. Velosiped həvəskarının evə çatması üçün daha 2 min kilometr məsafə qət etməsi lazım idi. Bir ay ərzində o, evindən 500 kilometr aralı düşüb. Kişinin sözlərinə görə, nəqliyyat vasitəsi olaraq velosipedi qənaət məqsədilə seçib. İstiqaməti isə yoldan keçənlərdən soruşub.
Polislər ona doğma şəhərinə çatması üçün qatar bileti alıblar. Çindəki yeni il bayramı yerli təqvimə görə 2017-ci ilin 28 yanvarına təsadüf edir. Bu ölkədə bayram tədbirləri 2 fevrala qədər davam edir.