Tribunainfo.az xəbər verir ki, Florida Universitetinin alimləri on ildən artıq bir müddətdə apardıqları tədqiqatların nəticəsi olaraq xərçəngə qarşı inqilabi effektə malik yeni bir vaksin hazırlayıblar. Alimlərin sözlərinə görə, bu vaksin immun sistemini gücləndirərək, onu bütün növ şişlərə qarşı effektiv mübarizəyə sövq edir. Ən diqqətçəkən məqam isə odur ki, vaksin konkret bir xərçəng növünə deyil, ümumilikdə bədxassəli hüceyrələrə qarşı təsir göstərir.
Araşdırmanın nəticələri nüfuzlu Nature Biomedical Engineering jurnalında dərc olunub. Alimlər bildirirlər ki, vaksin beyin, sümük, dəri və digər orqanlardakı şişlərə qarşı aparılan preklinik sınaqlarda inanılmaz nəticələr göstərib. Bəzi hallarda bu vaksin təkbaşına – əlavə kimyaterapiya, şüa və ya cərrahi müdaxilə olmadan – şişləri tamamilə məhv edib.
“İkiqat zərbə” texnologiyası
Yeni vaksin “one-two punch” (ikiqat zərbə) adlandırılan texnologiya əsasında hazırlanıb. Birinci mərhələdə o, immun sistemini virus təhlükəsi kimi aktivləşdirir, ikinci mərhələdə isə PD-L1 adlı zülalın ifrazını artıraraq, şiş hüceyrələrini immun sistemin diqqətinə verir və hücum üçün “görünən hədəf”ə çevirir. Bu yanaşma, eyni zamanda, immunoterapiya üsullarının da təsirini artırır.
Professor Elias Sayour-un rəhbərlik etdiyi komanda bildirir ki, bu texnologiya sayəsində tibb tarixində ilk dəfə olaraq “universal xərçəng vaksini” anlayışı praktik reallığa çevrilə bilər. Vaksin tək bir mutasiyaya deyil, geniş spektrli immun reaksiyaya əsaslandığı üçün gələcəkdə çoxsaylı xərçəng növlərinə qarşı tətbiq edilə bilər.
Əməliyyat, kimyaterapiya və şüaya ehtiyac azalacaq?
Alimlərin iddiasına görə, bu vaksin gələcəkdə xərçəng xəstələrinin ənənəvi və ağır müalicə metodlarına – əməliyyat, şüa və kimyaterapiyaya olan ehtiyacını azalda bilər. Bu, həm pasiyentin həyat keyfiyyətini yaxşılaşdırar, həm də müalicənin effektivliyini artırar.
Hazırda vaksin üzərində insanlarda klinik sınaqlara başlamaq üçün hazırlıq işləri gedir. Florida Universitetinin Tibb Biotexnologiyaları İnstitutunun məlumatına görə, ilkin testlərdə əldə olunan uğurlu nəticələr vaksinin yaxın illərdə real müalicə vasitəsinə çevrilə biləcəyini göstərir.
Qlobal elmi dairələrdə rezonans doğuran kəşf
Dünya tibb ictimaiyyəti bu nailiyyəti böyük maraqla izləyir. İngiltərə, Hindistan və ABŞ-ın nüfuzlu elmi portalları – The Times, New Atlas, Inside Precision Medicine, The Economic Times və The Sun artıq bu kəşfi “XXI əsrin ən perspektivli tibbi inqilabı” kimi qiymətləndiriblər.
Əgər bu vaksin insanlarda da eyni effekt göstərərsə, xərçəngə qarşı mübarizədə tarixi dönüş nöqtəsi yarana bilər.
Musavat.com