Azərbaycan daha bir reytinq sıralamasında ilk üçlükdə yer alıb. “Financial Times” 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin TOP 100 reytinqini açıqlayıb. Nəşrin hesabatına əsasən, son yeddi ildə Azərbaycanda irihəcmli layihələr həyata keçirilib. Böyük Britaniyanın dünyaca məşhur “Financial Times” nəşrinə məxsus “FDI Intelligence” iqtisadiyyatın bir çox sektorları üzrə qlobal və regional bazarların və korporativ investisiya mühitinin dərin təhlili üzrə ixtisaslaşıb. Nəşrin “FDI 100” metodologiyası birbaşa xarici investisiyaların cəlbi baxımından sürətlə inkişaf edən 100 regionun öyrənilməsinə əsaslanır.
Ötən il təkcə Macarıstanın bir şirkəti tərəfindən ölkəmizə 215 milyon dollara yaxın sərmayə yatırılıb. “Hell Group” şirkəti Ələt Azad İqtisadi Zonasında illik istehsal gücü 700 milyon ədəd alüminium içki qutusu olacaq yeni zavodun inşasına başlayıb. Ərsəyə gətirilən məhsullar daxili bazarın tələbatını tam ödəməklə yanaşı, ixrac imkanları da formalaşdıracaq. Azərbaycandan Mərkəzi Asiyaya ixrac ediləcək məhsullar eyni zamanda 300-dən artıq yeni iş yeri yaradılmasına rəvac verəcək.
Sumqayıt Kimya Sənaye Parkında tam Çin kapitallı keramik plitələr istehsal edəcək müəssisəsinin fəaliyyətə başlaması, bu məqsədlə 50 milyon dollar vəsaitin cəlb edilməsi, 500-dən artıq yeni iş yerinin yaradılması, Prezident İlham Əliyevin açılış mərasimində iştirakı, Çin kapitallı daha bir zavodun – elektrik mühәrrikli avtobusların istehsalı layihəsinin işə düşməsi, Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin təməlinin qoyulması və digər iri layihələr xarici investorların ölkəmizə olan yüksək marağının göstəricisidir.
Məlumdur ki, hər bir dövlətin inkişafı onun hərbi qüdrəti, iqtisadi göstəriciləri və qlobal miqyasda əhəmiyyətinə görə qiymətləndirilir. Azərbaycanda həyata keçirilən ordu quruculçuğu prosesi, 44 günlük vətən müharibəsində 30 illik işğal faktını aradan qaldırması, lokal antiterror əməliyyatı nəticəsində tam suverenliyini bərpa etməsi onun hərbi qüdrətinin göstəricisidir. Hansı ki, Prezident İlham Əliyev dəfələrlə ordu quruculuğunun vacibliyini xüsusi qeyd edir, dövlət büdcəsindən müdafiə xərclərinə ən yüksək vəsait ayrılırdı. Məhz bu amillər, Ali Baş Komandanın sarsılmaz iradəsi, vətənpərvər gəncliyimizin yetişdirilməsi nəticə etibarilə tarixi Zəfərimizi şərtləndirən əsas faktor oldu.
Həyata keçirilən və milli maraqlara söykənən ardıcıl, çoxvektorlu, müstəqil və balasnlaşdırılmış xarici siyasət kursu isə Azərbaycanı regionun lider, dünyanın isə önəmli dövlətlərindən birinə çevirib. Təsadüfi deyil ki, Azərbaycanın rolu və iştirakı olmadan regionda heç bir layihə uğur qazana bilmir. Eləcə də Cənubi Qafqazda yeganə ölkəyik ki, kiminsə diqtəsi və drijor çubuğu ilə hərəkət etmirik. Digər iki dövlətdə, Ermənistan və Gürcüstanda yaşanan olaylar, daxili sabitliyin davamlı olaraq pozulması, müxtəlif dövrlərdə xarici dairələrin təsiri ilə dövlət-vətəndaş münasibətlərinin böhranlı həddə çatması bunun bariz nümunəsidir. Elə bu səbəbdən də çox sayda dövlətlər beynəlxalq siyasətdə “Azərbaycan modeli”ndən istifadəyə üstünlük verirlər. “Xarici agentlər” haqqında qanun layihəsini parlamentə təqdim edən Gürcüstan siyasi elitasının təcrübəsində də bunu aydın görmək olar.
İqtisadi inkişafa gəldikdə isə, digər sahələrdə olduğu kimi, bu istiqamətdə də Azərbaycan praqmatik və rasional idarəçilik metodundan istifadə edir. Böyük enerji layihələrinin ardınca qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar, “Made in Azerbaijan” brendinin ölkə hüdudlarından kənarda tanıdılması və ixracın stimullaşdırılması məqsədilə dəstək tədbirlərinin həyata keçirilməsi, yerli istehsalın artırılması paytaxtımızı ən çox birbaşa xarici investisiyalar yatırılan dünyanın ilk üç şəhərindən birinə çevirib. Heç şübhəsiz ki, iqtisadiyyat və istehsal qüvvələrinin, təhsil, elm və mədəniyyətin, insanların həyat səviyyəsinin müntəzəm olaraq keyfiyyət və struktur baxımından müsbət istiqamətdə dəyişməsi ilə xarakterizə olunan iqtisadi inkişafımız bundan sonra da davam edəcək! 2023-cü ilin nəticələrinə görə, ilk üçlükdə qərarlaşan ölkəmiz az keçməyəcək ki, liderlik mövqeyinə yüksələcək!
Necə ki, Prezident İlham Əliyev söyləyirdi – Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm! Müdrik, mərhələli, çoxvektorlu, praqmatik idarəçiliyin “Azərbaycan modeli”nin ölkəmizə qazandıracağı uğurlarımız bundan sonra da davam edəcək! Qüdrətli Azərbaycana doğru iri addımlarla!
Azər Niftiyev