“Ölkənin əsas maliyyə sənədi olan “2025-ci il dövlət və icmal büdcə layihələri” ilə bağlı Milli Məclisin plenar iclaslarında müzakirələr yüksək səviyyədə təşkil olunub və layihələr qəbul edilib”.
Tribunainfo.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Baş nazir bununla bağlı bəzi makroiqtisadi göstəriciləri qeyd edib: “Artıq 11 ayda iqtisadi artım 4,1% olub, o cümlədən qeyri-neft sektorumuz 6.4% artıb. Strateji valyuta ehtiyatlarımız 72 mlrd dolları ötüb. Birbaşa xarici dövlət borcumuz ÜDM-in cəmi 7.3%-ni təşkil edir.
Profisitli tədiyyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi və bunun idxal qiymətlərinə azaldıcı təsiri inflyasiyanın aşağı səviyyədə qalmasını şərtləndirib.
Hökumət tərəfindən təsdiq edilmiş müvafiq Tədbirlər Planının icrası da anti-inflyasiya tədbirlərinə öz töhfəsini verib”.