Xaricdə təhsil şirkətləri bir arada – Azərbaycanda yeni assosiasiya təsis edildi

Xaricdə təhsil şirkətləri bir arada – Azərbaycanda yeni assosiasiya təsis edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 9-da ölkədə fəaliyyət göstərən xaricdə təhsil təklif edən şirkətlər Azərbaycan Xaricdə Təhsil Şirkətləri Assosiasiyasını (ASAC) təsis ediblər. Qurumun İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, “Ramada Baku Hoteli”nin konfrans zalında baş tutan yığıncaqda 15 təhsil mərkəzinin nümayəndəsi iştirak edib və mühüm qərarlar qəbul olunub.

Yığıncaqda ASAC-ın rəhbərliyi seçilib. İştirakçıların yekdil qərarlı ilə Bəxtiyar Nəcəfov sədr, Mikayıl Mirzəzadə və Miryusif Cavadzadə isə sədr müavini seçiliblər. Eyni zamanda adıçəkilən şəxslər İdarə Heyətində təmsilçilik hüququ qazanıblar. Pərviz İsmayıllı, Fərid Həsənzadə və Kənan Kərimov isə assosiasiyanın Nəzarət Təftiş Komissiyasının (NTK) üzvləri seçiliblər. Rəhbərliyin rotasiya qaydasında davamlı yenilənməsi qərara alınıb.

Qeyd olunur ki, assosiasiyanın yaradılmasında məqsəd xaricdə təhsil təklif edən şirkətlər arasında faydalı və qarşılıqlı əlaqələrin inkişafına, xaricdə təhsil səviyyəsinin artırılmasına, keyfiyyət, şəffaflıq və peşəkarlığın yüksəldilməsinə nail olmaqdır. Abituriyentlərə və onların valideynlərinə etibarlı və şəffaf təhsil dəstəyi təqdim etməklə yanaşı, xaricdəki təhsil qurumları ilə beynəlxalq protokollara uyğun fəal əməkdaşlıq da qurumun əsas missiyasıdır.

Xaricdə təhsil sahəsində təhsil müəssisələri ilə əməkdaşlıq, sektorda şəffaflığı artırmaq, tələbələr üçün daha əlverişli şərait yaratmaq və xidmət standartlarını yüksəltmək qurumun başlıca prinsiplərindən biridir. Təşkilat fəaliyyətini təkcə bu sahədə inkişafla məhdudlaşdırmır, habelə Azərbaycanın beynəlxalq təhsil bazarında mövqeyinin gücləndirilməsi istiqamətində də fəaliyyət göstərəcək.

Müxtəlif təhsil sərgiləri, seminarlar və təcrübə mübadiləsi vasitəsilə, tələbələrə və valideynlərinə xaricdə təhsil haqqında ətraflı məlumatlar təqdim ediləcək, onların qərarvermə prosesini asanlaşdırmaq üçün müxtəlif layihələr icra olunacaq.