“Sosial media hesablarında ölkədən kənara çıxmadan əyani formada xaricdə magistratura səviyyəsi üzrə təhsil alına biləcəyi və sonda diplomların Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən rəsmi qaydada tanınacağı vədi verilir”.
Tribunainfo.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin yaydığı məlumatda deyilib.
Məlumatda bildirilib ki, TKTA xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə və ya universitetlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır:
“Xaricdə əldə olunmuş kvalifikasiyaların tanınması ilə bağlı icraat Azərbaycan Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” əsasında həyata keçirilir və Qaydaların 4.1.4-cü yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5-ci yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur.
Xaricdə ali təhsil almaq istəyən vətəndaşları və onların ailə üzvlərini qeyd olunanları nəzərə almağa çağırırıq”.